Sopiç vaxt azlığından şikayətləndi: “Əsas olan, ürəklə oynamaqdır”
“Sabah”ın baş məşqçisi Jelko Sopiç bu gün “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, xorvat mütəxəssis 0:5 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
- Rəqib bizdən üstün oynadı. Məni sevindirən odur ki, hər iki komandada zədəli futbolçu olmadı. Bu oyuna baxıb, nəticə çıxaracağıq.
- Nəticənin belə acınacaqlı olması oyuna bir həftəlik hazırlıqla bağlıdır, yoxsa rəqibin futbolçularının daha yaxşı olmasıyla?
- Əlbəttə, biz karantin müddətində futbolçulara məşq proqramı vermişdik. Ola bilər bəziləri yaxşı hazırlaşıb, bəziləri pis. Ancaq bu oyun elə də əhəmiyyətli deyil. Onlar liderdir, biz 6-cı yerdəyik. Təbii ki, futbolçuların keyfiyyəti arasında fərqlər var.
- “Sabah”ın çempionata hazır olması üçün 12 gün bəs edəcəkmi? Şənbə və bazar günləri karantin tətbiq olunacaq, məşq edə bilməyəcəksiz…
- Bilmirəm, baxacağıq. Bəzi ölkələrdə hazırlıq üçün 5 həftəlik vaxt verilib, bizdə də bu qədər.
- Bu vəziyyətdə çempionatı bitirmək daha düzgün qərar olardı, ya davam etdirmək?
- Həqiqətən, bir az çətindir. Oyunlarımız karantin gününə düşür, necə dəyişiklik olacaq, bilmirəm. Futbolçulara da necə təsir edəcəyi bilinmir. Təxminən 10 oyun var, bu da 4 gündən bir edir. Biz hər gün oynaya bilərik, ancaq futbolçulara necə təsir edəcək, onlar bunu necə qəbul edəcək, bilmirəm.
- İlk hissədə meydana çıxan gənc futbolçularda nəsə görə bildiz?
- Ölkənin ən yaxşı komandasına qarşı oynadıq. “Sabah”ın formasını geyinən hər kəs mübarizə aparmalıdır. Futbolçuları çox da fərqləndirmək istəmirəm. Bu, çox önəmli deyil.
- Amin Seydiyev planlarınızda necə yer alır? Yeni mövsümdə onu əsas heyətdə görəcəyikmi?
- Amini qışda istəyirdim, ancaq alınmadı. O, bizim planlarımızda yer alır. Aminə şans verəcəyik.
- Klub prezidenti dedi ki, yeni transferimiz olacaq. Bu, əcnəbidir, yoxsa yerli?
- Nəsə demək çətindir. Bu karantindən əvvəl – aprelin 4-də rəhbərliklə danışmışam və mənə hansı mövqelər üçün futbolçular lazımdır, demişəm. 1-2 ay ərzində açıqlamalar verilə bilər.
- Kluba gələndən cəmi 3 oyun udmusuz. Hədəfiniz nədir?
- İlk oyunlarımda “Qarabağ” və “Neftçi”ylə qarşılaşdıq. Sonra “Qəbələ” ilə kubok oyununda məğlub olduq. Qışdan sonra yeni futbolçular gəldi və çempionatın başlamasına bir gün qalmış bizə qoşuldular. Bizim o qədər də geniş heyətimiz yoxdur. Komandaya oyunçu gətirərkən, ad önəmli deyil. Əsas olan, ürəklə oynamaqdır. Ramil Şeydayev bizə gec qoşuldu və ona da vaxt lazım idi. Gələcəkdə daha yaxşı heyət quraraq, daha üstün hədəflər üçün mübarizə apara bilərik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin