Sopiç: “0:10 hesabıyla da uduza bilərdik”
“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:4 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
- İlk olaraq, rəqibin qapıçısı Aqli Məmmədova can sağlığı arzu edirəm, ümid edirəm sağlamlığında ciddi problem olmaz. Oyuna gəlincə, keçidlərə üstünlük vermək istəyirdik. Oyunun qırılma nöqtəsi 2-ci qol oldu. Oyunda 0:10 hesabı ilə də məğlub ola bilərdik, əsas 2-ci qolu buraxmamaq idi. Rəqibin ekstra güclü futbolçuları vardı.
- “Neftçi”nin güclü olduğunu bildirdiz. Komandalar arasındakı fərq “Sabah”ın 0:4 hesabı ilə məğlub olacağı qədər böyük idi?
- Əlbəttə, idmanda belə şeylər olur. Keçən tur “Qarabağ”la 0:0 hesabı ilə bərabərlik etdik. Bəlkə də, o oyunda da məğlub olmalı idik. Bu gün hesab 5:2 və ya başqa cür də ola bilərdi. Hesabı ilk rəqib açırsa, daha açıq oynamalı olursan. Bu, bizim üçün çətin idi.
- Bildirdiz ki, uduzduqdan sonra hesabın mənası yoxdur. Amma sona qədər 5-li müdafiə ilə oynamasaydız, hesab başqa cür ola bilərdi.
- Baş məşqçi mənəm, necə qərar verirəmsə, elə də olur.
- İctimaiyyət düşünür ki, ən güclü heyət “Sabah”dadır. Siz necə düşünürsüz?
- Futbolçuların adına baxsaq, bəli, top komanda görünür, amma bu oyun üçün məsuliyyət mənim üzərimdədir. Heyətə bir futbolçunun gec, ya tez qoşulması eyni şeydir. Uzun müddətdir ki, futbolun içindəyəm. Bu oyunda rəqib qalib gəldi, sabah biz qalib gələ bilərik.
- 5 müdafiəçili sistemdə cinah müdafiəçilərinin hər ikisi hücumda daha aktiv olsaydı, nəticə başqa cür ola bilərdimi?
- Bunlar barədə çox da danışmaq istəmirəm. Bu gün Filipin başında problem var idi. Onun oyunu davam etdirə bilib-bilməyəcəyi məlum deyildi. Bəlkə də, 4 müdafiəçi ilə oynasaydıq, qalib gələcəkdik. Bunu bilməyimiz mümkün deyil. Rəqib bu gün daha yaxşı idi.
- İkinci qolda qapıçının günahı var idi?
- Qapıçını günahlandırmıram. Həftəboyu cinah haqqında danışıb, bildirmişdik ki, bu cinahı bağlamaq lazımdır. Amma hücum zamanı orda kimsə “yatdı”. Günahkar kimdir? Burda günahkar mənəm.
- “Qarabağ”la oyunda da müdafiədə boşluqlar vardı, qapıçı yaxşı oynamışdı. Bu gün də müdafiədə boşluqlar vardı.
- Bu səhvlər bütün komandalarda olur. Məsələn, “Liverpul” – “Barselona” oyununda da belə səhvlər vardı.
- Qış fasiləsində yarımmüdafiəçi və hücumçu transfer etdiz. Müdafiəçi transferi də yaxşı olmazdımı?
- Prezidentimizlə qış fasiləsində transferlərlə bağlı etdiyimiz söhbəti mətbuata açıqlamaq istəmirəm. Ola bilər, başımda saç yoxdur, amma nələr baş verdiyini görürəm.
- Məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürürsüz. Bəs komanda avrokuboklara vəsiqə qazanmasa, günah kimdə olacaq?
- Yenə də bütün günah məndə olacaq. 4 oyun idi uduzmurduq, birdən-birə dəyişiklik etmək çətin olardı. Siz jurnalist, mən məşqçiyəm. Fərqli gözlərlə baxırıq. “Qəbələ”nin oyununa baxdım, sonuncu yerdə olsa da, çox yaxşı oyun göstərir. Futbolda belə şeylər olur. Mən 10 dəfə 0:4 uduzmağı üstün tuturam, nəinki 40 dəfə 0:1 hesablıyla məğlub olmağı.
- İvanoviçin vəziyyəti nə yerdədir?
- Ehtiyat oyunçular skamyasında idi, bizə dəstək oldu, amma hazırda bizə kömək edə bilməz. Oynamağa hazır deyil.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin