Sonu çatan baş katib və ya… Sən bunu etməməli idin, Qurban Qurbanov!
Rəşad Ergün
Azərbaycanlılar futbol üzrə Azərbaycan milli komandasından heç vaxt razı olmayıblar. Var olduğu tarixin bütün dönəmlərində ona azarkeşlik edənlərin, sevgi göstərənlərin başını aşağı dikib, boynunu büküb bu komanda.
Azərbaycanlılar indi də Azərbaycan milli komandasından razı deyillər. Amma indi bu narazılıqda qəzəb, kin, nifrət də var. Narazılığa qəzəb, kin və nifrətin qarışmasının səbəbi isə AFFA-dır, daha dəqiqi, baş katib Elxan Məmmədov.
“İstefa!”, “İstefa!”, “İstefa!”
Bəli, insanlar AFFA-nın, baş katib Elxan Məmmədovun fəaliyyətindən narazıdır və bunu açıq şəkildə ifadə edirlər. Siz sosial şəbəkələrdə “AFFA istefa” paylaşımlarını görmüsüzmü? Deyilənə görə, sosial şəbəkədə AFFA rəhbərliyinin istefasını tələb edənlər bunu daha real məkana – stadiona daşımaq istəyiblər. Litva ilə Bakıda keçirilən yoxlama oyununa gedib, Azərbaycan futboluna rəhbərlik edənlərin istefasını tələb etməyi düşünüblər. Ancaq məsələdən duyuq düşən AFFA rəhbərliyi stadiona istefa tələbiylə gəlmək istəyənləri polisin vasitəsiylə “sıradan çıxarıb”, onlara bir-bir zəng edilib və Litva ilə matçda “ictimai asayişi pozmamaq” tapşırığı verilib.
Forma rüsvayçılığı
Litva ilə yoxlama matçında Emin Mahmudovun soyadının formasının üzərinə səhv yazılması, AFFA-da bu cür təşkilati işləri həyata keçirməyə adam olmadığını da göstərdi. “Makhmudiv” nədir, a kişi? Bunlar hara baxır? Bunlara məvacibi nəyə görə verirlər?
Xorvatiya ilə oyunda isə başqa bir biabırçılıq… Azərbaycan millisinin üzvləri Zaqrebdə meydana əyinlərində turnirin liqasının loqosu olmadan çıxıblar.
AFFA-da bütün bu işlərə yeni inzibatçı – Zaur Hacı-Məhərrəmov nəzarət edir. Bu adamın kimin adamı olduğunu bilirsiz? Baş katib Elxan Məmmədovun kadrıdır, yerlisidir, hətta qohumu olduğu deyilir. Əlavə şərhə ehtiyac varmı?
İnam olmayan yerdə…
AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununu səfərdə, DÇ-2018-in ikincisi Xorvatiyaya qarşı keçirməyimiz az qala hamını qorxutmuşdu. Millinin yeni xorvat baş məşqçisi Nikola Yurçeviç Zaqrebdəki qarşılaşmadan əvvəl verdiyi bütün açıqlamalarda həmyerlilərini tərifləyir, başında olduğu milli komandanı isə kiçildirdi. Heç kim, hətta Yurçeviç özü də Azərbaycan millisinə inanmırdı. Amma oyun göstərdi ki, xorvatlar bu qarşılaşmaya hazır deyildilər. Xorvatiya millisi son dünya çempionatının eyforiyasından hələ də ayılmayıb və bunu millimizlə görüşdə açıq şəkildə göstərdilər. Daha sonra Macarıstana məğlub olmaları da bunun sübutu idi. Ancaq xorvatlardan qorxduğunu, Azərbaycan millisinə inanmadığını hər açıqlamasında dilə gətirən Yurçeviçin başında dayandığı futbolçularımız “şirin yuxuda” olan və bir neçə aparıcı futbolçusu həmin gün meydana çıxmayan rəqib qarşısında heç nə ilə yadda qalmadı. Halbuki, bu Xorvatiya millisindən səfərdə xal almaq olardı! Bu cür fürsət bir də ələ düşəcəkmi, Allah bilir.
Məsələnin dəhşətli tərəfi bilirsiz nədir? Nikola Yurçeviç Azərbaycan millisinin futbolçularına, futbolçular özlərinə, azarkeşlər isə ümumiyyətlə, heç birinə – AFFA-ya da, baş məşqçiyə də, futbolçulara da inanmır.
“Kəpəz”dəki biabırçılıq
Elxan Məmmədovun limiti çoxdan dolub, özü ya bunun fərqində deyil, ya da vecinə deyil. Sevimlisi Mikayıl Nərimanoğlu “Kəpəz” klubunda fırıldaqçılıqla məşğul olub pul yeyintisinə yol verəndə də baş katibin limiti dolmuşdu. Amma Məmmədov Nərimanoğlundan “yem” olaraq istifadə etdi, birtəhər yaxasını kənara çəkdi.
“Sumqayıt” adlı fiasko
Uzun illərdir Azərbaycan futbolunun elitasında “Sumqayıt” adlı bir klub dolaşır və bu kluba milyonlarla vəsait xərclənir. Amma zaman keçir, dövr dəyişir, bu komanda dəyişmir, ölkə futboluna qarışqanın ayağının ucu boyda da faydası dəymir. Niyə? Çünki “Sumqayıt” birbaşa AFFA rəhbərliyinin nəzarətindədir və Riad Rəfiyev adlı əhlikef birini də gətirib, bu kluba prezident qoyublar. Həmin Rəfiyev də Elxan Məmmədovla əlbir olub, “Sumqayıt”dan adı heç it dəftərində də olmayan əcnəbi futbolçuları milliləşdirib, milli komandaya ötürür. Ay qardaş, ay kişi, ay müəllim, 21 turdan sonra cəmi 17 xal yığan, cəmi 16 qol vuran, sonuncu yerdə gedən komandadan hansı məntiqlə futbolçu milliləşdirib, onu milli komandaya çağırmaq olar? Deməli, məqsəd milli komandanı gücləndirmək yox, Elxan Məmmədovun, Riad Rəfiyevin biznesini genişləndirmək, ciblərini doldurmaqdır. Bunun başqa izahı yoxdur. Varsa, siz deyin!
Elxan Məmmədovun sonu yaxınlaşır
Əslində, Elxan Məmmədov da, İcraiyyə Komitəsində onun bir dediyini iki etməyən “kuklalar” da Berti Foqts Azərbaycan neftinin pullarını sümürüb, onsuz da bərbad gündə olan milli komandanı ayaq altına atıb gedəndə getməli idilər. Amma kifayət qədər hiyləgər və ağıllı olan Elxan Məmmədov vəziyyətdən çıxmağı bacardı, “Foqtsla bağlı qərarları mən yox, İcraiyyə Komitəsi verirdi” dedi. Vəssalam. Sonra Robert Prosineçki ilə yenə havaya sovrulan zaman və Qurban Qurbanov…
Qurban Qurbanov Azərbaycan millisinin “sükanı arxasına” keçməklə, Elxan Məmmədovun və dəstəsinin daha bir müddət at oynatmasına şərait yaratdı. Bəli, son illərdə Azərbaycan futboluna çox şey vermiş Qurbanov Elxan Məmmədova çox böyük yaxşılıq etdi, onun baş katib postundakı ömrünü uzatdı. Qurbanov AFFA-dan çox, xalqın, futbol ictimaiyyətinin seçimi idi, çoxu onu millidə görmək istəyirdi. Amma çoxunun düşünmədiyi, düşünmək istəmədiyi bir məsələ var idi: Qurban Qurbanov Elxan Məmmədov və onun dəstəsi ilə bir yerdə işləyə bilməzdi. Biz bu barədə Komanda.az-da dəfələrlə yazmışdıq. Ki, Qurbanov bu komanda ilə nüfuzunu xərcləyəcək, özünü gözdən salacaq. Təəssüf ki, elə də oldu. Qurbanovlu millinin Millətlər Liqasındakı uğursuz çıxışı istefasına, Elxan Məmmədov və çətəsinin isə əl-qolunu daha geniş açmasına imkan yaratdı. Ortadakı mənzərə təxminən belə idi: “Gördüz, bu da sizin Qurbanov, indi imkan verin, biz öz bildiyimiz kimi işləyək!”
Amma… Elxan Məmmədovun sonu yaxınlaşıb, özü bunun fərqində olsa da, olmasa da. Azərbaycan millisi bu güclə, bu potensialla AÇ-2020-nin seçmə mərhələsində heç nə edən deyil. Geridə isə çox sayda itirilmiş, heç bir şey əldə etmədiyimiz çoxlu sayda seçmə mərhələlər var. Hamısı da Elxan Məmmədovun baş katibliyi dövründə. Bütün bunlara görə hesabı ya AFFA prezidenti, ya da baş katib verməlidir. Rövnəq Abdullayev Elxan Məmmədovun Azərbaycan futbolunun başına açdığı oyunlara son verməsə, öz sonu gələcək, bu, dəqiqdir. Bıçaq artıq sümüyə dirənməkdən də keçib.
Bizi Facebook-da izləyin