“Sabah”dakı milli üzvləri ilə bağlı bir suala bir neçə cavab – Yazı+Fotolar

Əmir

Son vaxtlar ölkə futbol ictimaiyyətində “Sabah” ən çox müzakirə edilən klublardan biridir. Premyer Liqada yeganə əcnəbi mütəxəssisin başçılıq etdiyi kollektivin turnir cədvəlinin son pilləsində yer alması, yüksək səviyyəli futbolçulardan ibarət heyətə malik olmasına rəğmən, avrokuboklara vəsiqə şansının turdan-tura azalması bu müzakirələri məntiqli edir.

Lakin bu cür müzakirələrin fonunda klubda milli üzvlərinin az şans qazanmasının qabardılması, yığmanın gələcək oyunlarındakı mümkün uğursuzluqlarında bir növ “Sabah”ı yoldaş etmələri maraq doğurur. Bəs doğrudanmı Azərbaycan millisinin üzvləri “Sabah”a keçdikdən sonra ehtiyata düşüb, oyun praktikası sarıdan korluq çəkməyə başlayıblar? Məhz bu suala cavab tapmaq üçün milli üzvlərinin cari mövsümdə “Sabah”dakı çıxışını araşdırdıq:   

Coşqun Diniyev

Coşqun cari mövsümdə “Sabah”ın heyətində Premyer Liqadakı 17 görüşün 14-də şans qazanıb ki, bu matçların da 10-da start heyətində yer alıb, 4-də sonradan meydana daxil olub. Coşqun da mövsümün əvvəlində daha çox start heyətində yer alan futbolçulardandır. Çox güman, komandanın ardıcıl uğursuzluğundan sonra baş məşqçi Visente Qomes heyətdə rotasiya edərək, Coşqunu ehtiyat oyunçular skamyasına göndərib. Maraqlıdır ki, Diniyevlə eyni mövqedə çıxış edən Yevgeni Koçuk məhz millimizin üzvü ilə rəqabətdə ehtiyatda qaldığına görə klubunu dəyişmək fikrinə düşmüşdü. Bu arada, Diniyev “Qarabağ”dan “Sabah”a məhz daha çox şans qazanmaq istəyiylə gəlmişdi ki, insafən buna da nail olub. Masazır təmsilçisinə keçdikdən sonra “ağ-göy” formada 41 oyunda meydana çıxan yarımmüdafiəçi, bu klubun heyətində yüksək liqada ən çox şans qazanan futbolçulardandır.

Maraqlıdır ki, Coşqun millinin heyətindəki oyunların çoxunu məhz “Sabah”ın üzvü kimi keçirib.     

Coşqun Diniyev

Amin Seydiyev

Cari mövsümdə “Sabah”ın heyətində Ramil Şeydayev, Slavik Alxasov və Mario Marina ilə birlikdə ən çox oyun keçirən futbolçudur. Amin bu mövsümdə 15 oyun keçirib ki, bu matçların hamısında start heyətində yer alıb. Cəmi 2 görüşü ehtiyat oyunçular skamyasından izləyib. Seydiyev millidə məhz “Sabah”ın futbolçusu kimi debüt edib.

Amin Seydiyev

Ramil Şeydayev

Ramil də Amin kimi (Mario Marina və Slavik Alxasovla birlikdə) cari mövsümdə Premyer Liqada ən çox oyun keçirən “Sabah”lıdır. Lakin Şeydayevin vəziyyəti Amindən fərqlidir. Belə ki, müdafiəçidən fərqli olaraq, Ramil bu 15 oyunun yalnız 8-də start heyətində yer alıb. Digər matçlarda isə görüşün son dəqiqələrində meydana daxil olub. Lakin fikrimizcə, futbolçu bunda ilk növbədə özünü günahlandırmalıdır. Belə ki, mövsümün əvvəlində Ramil Visente Qomesin ən çox güvəndiyi isimlərdən biri idi. Amma ispan mütəxəssis sonradan hücum xəttində olan axsamanı gördüyündən, əvvəlcə Xulio Sezar Rodrigeslə Ramilə eyni anda güvəndi (Şeydayev daha çox vinger kimi şans qazanırdı), daha sonra isə paraqvaylı və millimizin hücumçusunu ehtiyat oyunçular skamyasına göndərərək, yeni transfer Tiemoko Fofanaya şans verməyə başladı.

Yəni Ramilin “Sabah”da özünü sübut etmək üçün şans qazanmamasından söhbət gedə bilməz. Futbolçu “göy-ağlar”a transfer olunduğu zaman artıq bir neçə ay idi ki, oyun praktikasının yoxluğundan əziyyət çəkirdi. Uzun sözün qısası, “Sabah”ın hücumçuya klubsuz qaldığı vaxtlarda qucaq açmasından başqa günahı yoxdur.  

Ramil Şeydayev

Bəhlul Mustafazadə

Bu mövsümdə 7 oyunda (hamısı start heyətində) şans qazanıb, 1 qol vurub. Cəmi 1 oyunda ehtiyatda qalıb ki, həmin matçda da zədədən yeni qayıtdığından, baş məşqçi risk etməyib. Digər oyunlarda isə şans qazanmamasına koronaya yoluxması (2 həftəlik təcrid), zədə (millinin heyətində aldığı), həmçinin dekabrda keçirdiyi əməliyyat səbəb olub.

Bəhlul Mustafazadə

Təmkin Xəlilzadə

Təmkin də təxminən Bəhlulla eyni vəziyyətdədir. Bu futbolçunun cari mövsümdə yetərincə şans qazanmamasında da məhz Mustafazadədə olduğu kimi, zədələr böyük rol oynadı. Bundan əlavə, Təmkinin milliyə namizəd kimi göstərilən, azərbaycanlı futbolçu Slavik Alxasovla eyni mövqedə çıxış etməsinin də böyük rolu oldu. Bu arada, Xəlilzadə “Sabah”ın “Keşlə” ilə son oyununda 90 dəqiqə meydanda olub. Millinin oyunları ilə əlaqədar martın 14-də başlayacaq fasiləyə kimi baş tutacaq 3 matçda oynamaq şansı da heç də az deyil.

Təmkin Xəlilzadə

Göründüyü kimi, “Sabah”dakı milli üzvləri heç də ehtiyat oyunçular skamyasında “çürümür”. Yerli futboçunun klubunda şans qazanmamasının səbəbi nə hansısa mütəxəssis, nə də klub deyil. Fikrimcə, milli üzvü çıxış etdiyi klubda daha az şans qazanırsa, ilk növbədə günahı özündə görməlidir. O ki qaldı futbol ictimaiyyətinin və millinin məşqçilərinin yerli futbolçuların klubunda əsas heyətdən kənarda qalmasından narahatlıq keçirdiklərini tez-tez dilə gətirməsinə, bu, həmin oyunçuların inkişafına təkan verməkdən çox, onların ərköyünləşməsinə səbəb ola bilər. Futbolçularımızın ölkə xaricinə yollanmasını arzuladığımız bir vaxtda azərbaycanlı futbolçuların yerli klublarda özlərinə bu qədər rahat yer etməsini dəstəkləmək nə qədər düzgündür? Unutmayaq, martda millimizi yığma üzvü olduğuna görə klubunda əsas heyətdə özünə yer etmiş yox, əziyyətlə, döyüşərək klubunda forma şansı qazanmış futbolçulardan təşkil olunmuş Portuqaliya və Serbiya kimi yığmalarla görüşlər gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button