“Son Avropa çempionatındakı uğursuzluğu unutdurmağa çalışacağıq” – Millinin baş məşqçisi

“Son Avropa çempionatındakı uğursuzluğu unutdurmağa çalışacağıq”.

Komanda.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

42 yaşlı mütəxəssis komandanın yaxşı hazırlıq keçdiyini bildirib:

“Yoxlama görüşlərində bütün oyunçuları sınadıq. Bu matçlarda taktikalarımız üzərində çalışdıq. Eyni zamanda, rəqiblərimizin çıxış etdikləri son beynəlxalq yarışlardakı oyunlarını təhlil etdik. Əsas heyətdə yaxşı fiziki formada olan, taktikaları daha yaxşı yerinə yetirə biləcək voleybolçular yer alacaqlar”.

Baş məşqçi qarşılarına konkret hədəf qoymadıqlarını deyib:

“Oyundan oyuna düşünəcəyik. Konkret olaraq “bu yerə qədər gedəcəyik” demirik. Hər görüş bizim üçün final kimidir. Hər matçın, hər anın, hər xalın qiymətini bilərək oynamalıyıq. Bu cür davam etsək, yolumuz açıq olacaq”.

Avropa çempionatına bu gündən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button