“Hər kəs meydandakı işini səhvsiz görməlidir” – Müsahibə
Yanvarın 10-dan Bakıda təlim-məşq toplanışına başlayan Azərbaycan millisi hazırlığın paytaxtdakı hissəsini dünən yekunlaşdırdı.
Komanda.az xəbər verir ki, həkimlər yanvarın 13-də axşam məşqində yüngül zədə alan İsa Atayevin rəsmi matçlarda iştirak edə biləcəyini açıqlayıb.
Son 2 çalışmada iştirak etməyən futzalçı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Son 3 məşqi buraxmalı oldun. Zədən nə dərəcədə ciddidir?
- Əslində ciddi deyil, müayinənin nəticəsi də bunu göstərdi. Sadəcə həkim bir neçə gün istirahət etməyimi məsləhət bildi. Rəsmi oyunlara qədər komandaya qoşulacam. Ola bilsin, Belçika ilə yoldaşlıq matçında iştirak etməyim. Ondan sonra məşqlərə qatılacam. Dekabrın 25-dən yanvarın 5-nə qədər məşq etmədik. Ayaqlar bir qədər zəiflədi. Daha sonra fiziki hazırlığa başladıq. Tədricən məşqlər intensivləşdi. Nəticədə ayaqlar yükləndi. Buna görə də yüngül zədə əmələ gəldi.
- Kənardan komanda necə görünür?
- Gündən-günə addım-addım irəliləyirik. Komanda xoşuma gəldi. Məncə, nəticələrimiz də yaxşı olacaq. Həm hazırlığımız, həm də əhval-ruhiyyəmiz yaxşıdır.
- Dekabrdakı komanda ilə indikini müqayisə edə bilərsənmi?
- Çox fərq var. Onda heç kim Ukrayna ilə oyuna hazır deyildi. Ancaq indi inkişaf hiss olunur. Bu dəqiqə 3 dördlüyümüz var və hansının nisbətən güclü və ya zəif olduğunu heç kim deyə bilməz. Elə bir hər kəs bir-biri ilə yarışır və kimsə geri qalmaq istəmir. Belə deyim də, indi meydana birinci hansı dördlüyü buraxmaq baxımından baş məşqçinin işi çətindir.
- Fiziki planda axsama hiss olunmur?
- İndi vaxtımız çox oldu, həm də Avropada oynayan futzalçılarımız yaxşı formada qayıtdılar. Hazırkı komanda dekabrdakından çox yaxşıdır.
- İlk rəqib Gürcüstan millisidir. Baş məşqçi rəqiblə bağlı məlumat veribmi?
- Hələ heç nə deməyib. Əsasən Ukrayna ilə görüşdə edilən səhvləri göstərir. Düzdür, birinci oyunda qazanılacaq müsbət nəticə çox vacibdir. Amma digər rəqiblərimizi də unutmaq olmaz. Hər bir oyunun öz xüsusiyyəti var.
- Baş məşqçi hansı məqamlar üzərində dayanır?
- Ukrayna ilə matçda “zona” oynayırdıq. İndi fərdi – birə-bir oyuna üstünlük verilir. Hər kəs meydandakı işini səhvsiz görməlidir. Toplu-topsuz hərəkət etməliyik, dayanmaq olmaz.
- Gürcüstan millisinin oyunlarını özün necə, izləmisən?
- İzləmişəm. Seçmə mərhələdə Rusiyaya, Fransaya qarşı matçlarına baxmışam. Ötən ay Qırğızıstanla keçirdikləri görüşləri də izləmişəm. Düzdür, qırğızlara qarşı ancaq yerli futzalçıları çıxış etmişdi. Ancaq pis komanda deyil. Həm də final mərhələsində oynayırlarsa, deməli, güclüdürlər.
- Məqsədə çatmaq baxımından bu matçın əhəmiyyətini neçə faiz qiymətləndirirsən?
- 60 faiz deyərdim. Ancaq unutmayaq ki, ilk oyunlar hər zaman çətin keçir. Müqayisələr bizim xeyrimizədir. Heyət baxımından biz daha təcrübəliyik, bu cür yarışlarda artıq 6-cı dəfə iştirak edəcəyik. Bu kimi üstünlüklərimiz var. Lakin meydan düz, top yumrudur. Sürprizlər hər zaman olur. AÇ-2018-də final mərhələsinin debütantı olan Fransa İspaniyanı udmağa çox yaxın idi, sona yaxın bərabərlik bərpa oldu. Ona görə diqqətli olmalı, hər oyuna daha yaxşı köklənməliyik. Hansısa komandanın debütant olması bizi arxayınlaşdırmamalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin