ŞOK: Danışılmış oyun adlı “virus” Azərbaycan Premyer Liqasına və kuboka da bulaşıb

Bir neçə gün əvvəl birinci divizionda çıxış edən bir neçə klubun futbolçularının və rəsmilərinin danışılmış oyunlara görə futboldan uzaqlaşdırılması gündəmə bomba kimi düşdü. “Turan Tovuz”, “Ağsu” və “Zirə-2”nin futbolçuları, rəsmiləri “qara siyahı”ya salındı. Ümumilikdə 25 futbolçu və 3 klub rəsmisinə sanksiya tətbiq olundu.

Birinci divizionun “bazar”a çevrildiyi, burda futbolun nəticə və azarkeşlər üçün yox, bukmeker kontorları üçün oynanıldığı aydındır. Amma…

Komanda.az-ın əldə etdiyi məlumata görə, danışılmış oyun adlı “virus”a Azərbaycan Premyer Liqası və ölkə kuboku da bulaşıb. Oyunların nəticələrinin bukmeker kontorlarının maraqlarına görə müəyyən edilməsində şübhəli bilinən əsas iki klub isə “Neftçi” və “Səbail”dir. Xüsusilə də, “Neftçi”nin Azərbaycan kubokunun 1/4 final mərhələsində büdcəsinə və heyətinə görə özündən dəfələrlə zəif olan “Sumqayıt”a qol vurmadan mübarizəni dayandırması şübhələrə yol açıb. Maliyyə vəziyyəti ağır olan “Səbail”də isə bəzi futbolçuların ciblərini bukmeker kontorlarının hesabına doldurmağa çalışdığı barədə məlumatlar var.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycan Premyer Liqasında danışılmış oyunlarla bağlı araşdırılma aparılmış, “Keşlə”də çıxış edən Nizami Hacıyevlə Mirhüseyn Seyidov futboldan uzaqlaşdırılmışdı. Məsələ burasındadır ki, indi də “Neftçi” və “Səbail”də bəzi futbolçuların oyunları “qumar”a qoyması ilə bağlı şübhələr var və AFFA-nın bu məsələni gizli şəkildə araşdırdığı deyilir.

Biz Komanda.az olaraq Premyer Liqada danışılmış oyunlarla bağlı futbolçuların adlarını dəqiqləşdirən kimi bu barədə məlumat verəcəyik.

Bütün baş verənlər göstərir ki, Azərbaycanda hələ də cəzalar futbolçuları, bəzi kub rəsmilərini çirkin işlərdən uzaqlaşdırmağa bəs etmir. Görünür, bu adamlar üçün pul hər şeydən – vicdandan, ləyaqətdən, şəxsiyyətdən daha üstdə dayanır.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button