Sneyder karyerasını başa vurdu
Futbol üzrə Hollandiya yığmasının sabiq üzvü Uesli Sneyder oyunçu karyerasını başa vurduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, geridə qalan mövsümü Qətərin “Əl-Qarafa” klubunda keçirən hollandiyalı ulduz futbolçu ölkəsinin mətbuatına açıqlamasında peşəkar karyerasını bitirməyə qərar verdiyini bəyan edib.
Sneyder karyerasına yetirməsi olduğu “Ayaks”da başlayıb. 2002-2007-ci illər aralığında doğma klubunun uğurları üçün çalışmış futbolçu, 2007-də Madrid “Real”ına transfer olunub. İspaniya nəhəngində cəmi iki mövsüm çıxış edən Uesli, 2009-cu ildə Milan “İnter”i ilə müqavilə bağlayıb. İtaliyada 4 mövsüm keçirdikdən sonra hollandiyalı yarımmüdafiəçi Türkiyənin “Qalatasaray” klubuna transfer olunub. İstanbul təmsilçisini 2017-ci ildə tərk edən ulduz futbolçu 2017/18 mövsümünü Fransanın “Nitsa” klubunda, geridə qalan mövsümü isə “Əl-Qarafa”da keçirib.
Karyerası boyunca bütövlükdə 573 rəsmi oyuna çıxan Sneyder, 152 qol vurub, 142 məhsuldar ötürmə müəllifi olub. O, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə FİFA klublararası dünya çempionatının, 2 dəfə Hollandiya çempionatının, 1 dəfə İtaliya A Seriyasının, 1 dəfə İspaniya La Liqasının, 2 dəfə Türkiyə Super Liqasının, 2 dəfə Hollandiya Kubokunun, 3 dəfə Türkiyə Kubokunun, 2 dəfə İtaliya Kubokunun, 3 dəfə Türkiyə Super Kubokunun, 1 dəfə İspaniya Super Kubokunun, 1 dəfə də Hollandiya Super Kubokunun qalibi olub. Sneyder Hollandiya yığmasında 134 oyuna çıxıb, 31 qol vurub.
Bizi Facebook-da izləyin