Keçmiş futbolçu Azərbaycan millisini ələ saldı: “Onlar futbolçu yox, turistdirlər”
Slovakiyalı keçmiş futbolçu Ladislav Yurkemik AÇ-2020-nin seçmə mərhələsində Slovakiya millisinin Azərbaycanı məğlub etdiyi oyun haqda fikirlərini bildirib.
Komanda.az “sport.sk” saytına istinadən xəbər verir ki, sabiq müdafiəçi, 2:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Uzun illər idi ki, Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk hissədə onları müdafiəyə sıxmışdıq və onların çıxışı sadəcə dəhşət idi. Yəni bir rəqib fasiləyə qədər meydanın mərkəzini keçə bilmirdi. Bu, çox pis idi. Digər tərəfdən, millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra oyunu yavaşlatdı. Bundan sonra tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladılar.
Bu oyundan sonra Azərbaycan heç 6-cı səbətə də daxil olmamalıdı. Sadəcə, bizim futbolçular onların səhvlərindən istifadə edə bilmədilər. Əslində, 3-4 qol vura bilərdik. Macarıstan və Uels bizim üçün problem olmamalıdır. Və Azərbaycan? Onlar futbolçu yox, turistdirlər”.
Bizi Facebook-da izləyin