“Şkendiya”nın futbolçusu Super Liqa klubu ilə müqavilə bağladı
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa klubu Şimali Makedoniyada anadan olan, bu ölkə ilə yanaşı, Albaniya vətəndaşlığına da malik türk əsilli yarımmüdafiəçi Omar İmerini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Şimali Makedoniyanın “Şkendiya” klubundan transfer olunan futbolçu, ötən mövsüm 24 oyuna çıxıb, 5 qola imza atıb. Omar 2018-ci ildə “Şkupi”dən “Şkendiya”ya transfer olunmuşdu. İmeri bu mövsüm “Şkendiya”nın heyətində Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt”a 2:0 hesabıyla qalib gəldikləri oyunda 77 dəqiqə meydanda olmuşdu.
“Antalyaspor” öz gənc futbolçularından Batuhan Berkay Fındık, Cengiz Demir, Cenk Şen, Erman Herman Vardar, Mikail Başar və Sergen Yatağanı da icarəyə göndərib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, sözügedən oyunçuların hamısı qarşıdakı mövsümün sonuna qədər “Bodrumspor”un uğurları üçün çalışacaqlar.
Super Liqa klubunun Fil Dişi Sahilindən olan hücumçusu Jan-Armel Drole isə uzun müddətə sıradan çıxıb. Əməliyyat olunan futbolçunun ən yaxşı halda 2 aydan sonra məşqlərə başlayacağı diqqətə çatdırılıb. 23 yaşlı vinger 2017-ci ildə “Peruca”dan Antalya təmsilçisinə transfer olunub.
Bizi Facebook-da izləyin