Siz susmalısız, Murad Musayev danışmalıdır
Rəşad Ergün
“Sabah”ın çalışdırıcısı Murad Musayev cari mövsümdə hakimlərin qəzəbinə ən çox məruz qalan məşqçilərdən biridir, hətta birincisidir. Elə son bir neçə turda iki dəfə qırmızı vərəqə alaraq texniki zonadan qovulması faktı bəs edər. Rusiyalı mütəxəssis 29-cu turun “Səbail”lə görüşündə, oyun bitdikdən sonra baş hakim İnqilab Məmmədov tərəfindən “qırmızı” alıb. 32-ci turun “Şamaxı” ilə matçında isə baş hakim Fərid Hacıyev Musayevi texniki zonadan uzaqlaşdırıb.
Elə “Şamaxı” ilə matçdan sonra keçirilən mətbuat konfransında Murad Musayev dözməyib, “partlayıb”:
“Azərbaycanda hakimliklə bağlı böyük problem var. Heç kim bundan danışmır. Bizi sadəcə “öldürdülər”. Hakim 90 dəqiqə ərzində bütün foulları əleyhimizə verdi. Siz sadəcə, mənim qırmızı vərəqəmi görürsüz. Narazılıq bildirən kimi, dərhal vərəqə göstərirlər. Heç olmasa, hakimin fitlə nə etdiyinə baxın. Çempionatda hakimin “Sabah”ın xeyrinə olan bir səhvini mənə deyin. Birini də deyə bilməzsiz. Daim anlaşılmaz qərarlar verirlər, anlaşılmaz şeylər baş verir. Amma daim hamı qırmızı vərəqəni müzakirə edir”.
Musayevin bu açıqlamasından sonra maraq üçün “Sabah”ın cari mövsümdə Azərbaycan Premyer Liqasında keçirdiyi oyunların vərəqələrlə bağlı statistikasına göz gəzdirdim. Demək olar ki, komandanın bütün oyunlarında ya futbolçularına, ya da məşqçilərinə sarı, qırmızı vərəqələr göstərilib. Vərəqəsiz oyun yoxdur. Amma bu, futboldur və vərəqələrin olması normaldır. Məsələ bu deyil.
Məsələ Murad Musayevin son açıqlamasındakı bir cümlədir: “Azərbaycanda hakimliklə bağlı böyük problem var”.
Bunu komandası Azərbaycan Premyer Liqasında 2-ci pillədə qərarlaşmış mütəxəssis deyir. Bunu Rusiyada kifayət qədər tanınan, hörmət edilən biri söyləyir.
Musayev rusların mentalitetini, adət-ənənələrini əxz etmiş biridir. Yəni, bizdə ağır təhqir kimi qəbul edilən hansısa ifadələr onun üçün adi sayıla bilər. Murad Musayev həm də, kifayət qədər emosionaldır. Matçların gedişində dəfələrlə çılğınca davranışlarını görmüşük. Amma insafən, adam işini bilir. “Sabah”ın ondan əvvəlki vaxtlarını xatırlayırsız? Baş məşçilər əlcək kimi dəyişilirdi, amma ortada nə bir oyun, nə də nəticə var idi. İndi isə “Sabah” oyununa görə ölkənin ən sabit və ən yaxşı komandalarından biridir. Musayevin sayəsində. Hətta klub rəhbərliyi rusiyalı mütəxəssisi saxlaya bilsə, “Qarabağ” üçün Qurban Qurbanov kimdirsə, “Sabah” üçün də Musayevin eyni statusda olması mümkündür.
Hə, nəhayət, gələk həmin o açıqlamaya: Azərbaycanda hakimliklə bağlı böyük problem varmı?
Doğru cavabı aramaq üçün başqa bir sual qoyaq: Azərbaycan futbolunda problemsiz bir sahə varmı?
Bəlkə, stadionlarımız qoyun-quzu otlağına çevrilməyib və ya istifadədə olan arenaların keyfiyyətsiz qazonları ciddi problem deyil? Yaxınlarda Gəncə stadionunun qazonunu görüb, dəhşətə gəlməmişdikmi?
Azərbaycanın futbol üzrə milli komandaları başdan-ayağa problem deyilmi?
Mətbuat Azərbaycan futboluna rəhbərlik edən şəxsləri gecə-gündüz tənqid etmirmi? Azarkeşlər AFFA rəhbərliyinin istefasını istəmirmi?
Böyüklərin uşaq futbolunun “cənazə”si üzərində gecə-gündüz ağı dediyi bir ölkədə yaşamırıqmı?
Barmağınızı qatlayın və deyin ki, Azərbaycan futbolunda filan sahədə hər şey qaydasındadır, tənqid edilməməlidir. Deyə bilərsiz? Ya da, “Azərbaycan futbolunda hər şey zibilin içindədir, bircə hakimlik güllük-gülüstandır” deyə biləcək cəsarətli biri varmı?
Və… İndi durub Murad Musayevə “sən yalan danışırsan, Azərbaycanın futbol hakimliyinə böhtan atırsan” deyə bilərikmi? Axı, Rusiyadan gələn bu çılğın adam görməsə də, biz vaxtı ilə hakimlərimizin nə hoqqalardan çıxdıqlarını, hansı klubların sifarişi ilə hansı oyunların taleyini necə həll etdiklərini, nə qədər alıb, nələri satdıqlarını görmüşük. Ona görə də, susmalısız. Dünəninizə, elə bu gününüzə görə də susmalısız. Siz susmalısız, Murad Musayev danışmalıdır.
Bizi Facebook-da izləyin