Şikəst etdiyimiz, öldürdüyümüz uşaqlar
Uşaq məktəbə gedir, müəllim döyür. Döyməyənlər də elə psixoloji basqı edir ki, döymək kimi bir şeydir. Xüsusən də, təhsil aldıqları məktəblərdə seçdikləri fənlər üzrə dərsdən sonra müəllim yanına hazırlığa gedən uşaqlara digər müəllimlərin necə basqı etdikləri barədə çoxlu əhvalatlar var.
Bəlkə, futbola qoymaq lazımdır uşağı?
Burada da vəziyyət “ruscadır”. Azərbaycanda uşaq futbolunun hansı vəziyyətdə olduğunu bilmək üçün böyüklərin oyununa baxmaq kifayətdir. Axı, bu bığlı-saqqallı kişilər də nə vaxtsa uşaq olublar və hansısa məşqçilərdən öyrəniblər. Öyrəniblərmi? Öyrədiblərmi? Ölkənin futbol üzrə milli komandalarının, klublarının (kiçik istisna “Qarabağ”dır) avrokuboklardakı oyunlarına, nəticələrinə göz atanda, ürəkdən, böyük hərflərlə YOX yazmaq istəyir adam.
Uşaqlarımızı bir az şübhə, bir az qorxu içində etibar etdiyimiz bu məşqçilərin futbolu nə qədər bildiyini bilmirik. Uşaq məşqçisi işləmək üçün bir sertifikatları, sənədləri varmı? Harda təhsil alıblar? Özləri futbolu nə qədər dərindən bilirlər ki, bizim uşaqların arasından da gələcəyin Lionel Messisini, Kriştiano Ronaldosunu, heç olmasa, indi İtaliyanın “Napoli” klubunda forma geyinən, avropalıların ağzı açıq vəziyyətdə, heyranlıqla izlədiyi gürcü balası Xviça Kvaratsxeliyanın yarısı qədər futbolçu yetişdirə biləcəklərmi? Böyük sual, böyük müəmma.
5-10 manat pul qarşılığında uşaqlara futbol adına nə öyrətdikləri məlum olmayan məşqçilər bir yana, işin daha vahiməli tərəfi var: meydançalar. Azərbaycan futbolunda təbii ot örtüyü problemi var və kifayət qədər ciddidir. Premyer Liqada çıxış edən klublardan bəziləri oyunlarını süni örtüklü meydançalarda keçirir. Hər dəfə bu qazonlarda keçirilən oyunlardan sonra təbii örtüklü meydançada oynamağa öyrəşmiş məşqçilərin şikayətlərini eşidirik.
Məsələn, “Qarabağ”ın hamımızın tanıdığı baş məşqçisi Qurban Qurbanov bir dəfə “Turan Tovuz”la Tovuzdakı süni örütklü meydançada keçirilən matçdan sonra “üsyan etmişdi”:
“Meydança yeni olsa da, süni örtük ağırdır. Mən bunun tərəfdarı deyiləm. Bunlar futbolçunu çox geri salır. Bundan çıxış yolu tapmaq lazımdır. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikro zədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm”.
Süni örtüklü meydançalar fiziki olaraq formalaşmış, bərkimiş futbolçulara bu qədər ağır təsir edirsə, bunun uşaqlarda hansı fəsadlara yol açdığını təxmin etmək çətin deyil. Azərbaycanda əksər uşaq futbol komandaları süni örtüklü meydançalarda məşq edirlər. Daha doğrusu, gələcəklərini, sağlamlıqlarını süni örtüklü meydançalarda itirirlər…
İndi əksəriyyət Sumqayıtda məşq zamanı boynu qırılaraq ölən uşağın xəbəri, hadisə anının görüntüləri ilə şok içindədir. 7 yaşlı Fərid Bakarov gələcəyin cüdoçusu ola bilərdi. Amma 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medalçı, məşqçi Mehman Xəlilov onun gələcəyini əlindən aldı. Hansısa yarışda medal qazanmaq uşaqlara məşq keçmək üçün sertifikat rolunu oynamamalıdır.
Hər şeydən öncə uşaqları sevmək, onların uşaq olduğunu anlamaq lazımdır. Biz isə… Uşaqlarımızı məktəblərdə psixioloji, süni örtüklü futbol meydançalarında fiziki olaraq əlil edirik, məşq zallarında öldürürük. Bütün bunlar isə aidiyyatı nazirliklərin, qurumların gözləri qarşısında baş verir. (Meydan.TV)
Bizi Facebook-da izləyin