“Qarabağ” rəsmisi Emreli, Rerras və Qeyenin məsələsinə aydınlıq gətirdi – Müsahibə

Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Qarabağ” artıq ilk transferini rəsmiləşdirdi. Ağdam təmsilçisi “Leqanes”dən Kvabena Ovusunu heyətinə qatdı. Riçard Almeyda, Simeon Slavçev və icarəyə götürülən Asmir Beqoviçin gedişindən sonra “köhlən atlar”ın edəcəyi transferlər maraq doğurur. Transfer məsələləri, komandanın durumu ilə bağlı klubun idman direktoru Əmrah Çəlikəllə danışdıq:

  • “Qarabağ” qış transfer dövründə sadəcə bir transfer rəsmiləşdirib. Danışıqlar apardığınız başqa futbolçular var?
  • Komandamızın texniki-məşqçi heyəti mövsüm ərzində öz araşdırmalarını davam etdirirlər. Biz klub rəhbərliyi olaraq, baş məşqçimizin verdiyi qərarlara güvənirik. Uyğun futbolçu olarsa, biz də bu transferin reallaşdırılması üçün çalışarıq. Danışıq apardığımız futbolçular hər zaman var. Bildiyiniz kimi, qış fasiləsində futbolçu transfer etmək bir qədər çətin olur, çünki yaxşı futbolçuların öz klubları ilə müqaviləsi olur. Amma biz baş məşqçimiz Qurban Qurbanovun verdiyi siyahı və tələblərə uyğun olaraq, hər zaman futbolçu axtarışındayıq.
  • Komandadan ayrılan Riçard Almeyda və Simeon Slavçevin mövqeyinə futbolçu transferi gözlənilirmi?
  • Həm Almeyda, həm də Slavçev komandamızda xidməti olan futbolçulardır. Bu gün yoxdurlarsa, onlara uğurlar arzulayırıq. Həmin mövqeyə futbolçunun lazım olub-olmadığına baş məşqçimiz qərar verəcək. Bildiyiniz kimi, həmin mövqedə oynayan və uzun müddətdir zədəli olan Filip Ozobiç də artıq sıraya dönüb. Ehtiyac olduğu halda, mövqeyindən asılı olmayaraq, transferlər reallaşdıra bilərik.
  • Avrokuboklardakı çıxışdan sonra Maqaye Qeyenin oyunundan narazılıq var. Qeye komandada qalacaq?
  • Qeye böyük karyerası olan futbolçudur, İngiltərə Premyer Liqasında da oynayıb. İlk yarıdakı çıxışı dəyərləndirərkən, azarkeşlərin yanaşmasını başa düşürəm. Qeye hazırda komandamızın futbolçusudur.
  • Faysal Rerrasa müxtəlif ölkələrdən – Fransa, İtaliya və Türkiyə klublarından təkliflərin olması ilə bağlı xəbərlər yayılıb. Müdafiəçinin komandadakı gələcəyi məlumdur?
  • Faysal komandamıza yayda qoşulub. Müəyyən müddət zədəli olduğu üçün oynamadı və baş məşqçimiz ona güvənir. Hazırda futbolçunun bizimlə müqaviləsi var və heç bir təklif almamışıq. Ona görə də, bu haqda danışmaq düzgün olmaz.
  • Mahir Emrelinin də adı Türkiyə klubları ilə yanaşı çəkilir. “Qarabağ”a Mahirlə bağlı təklif gəlib?
  • Mahir keçən mövsüm çempionatın bombardiri olub. Sevinirik ki, Mahirin adı azərbaycanlı futbolçu kimi xarici klublarla hallanır. Amma Mahirin bizimlə müqaviləsi var və konkret təklif almamışıq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button