“Sevilya”da 3 ayrılıq, 1 yeni transfer
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Real Sosyedad”dan Adnan Yanuzayı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent kimi heyətə cəlb olunan futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Real Sosyedad” Adnan Yanuzayı 2017-ci ildə 8,5 milyon avroya “Mançester Yunayted”dən transfer etmişdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 168 oyuna çıxıb, 23 qol vurub. 27 yaşlı vinger “Real Sosyedad” və “Mançester Yunayted”dən əlavə, Dortmund “Borussiya”sında və “Sanderlend”də də oynayıb. O, Belçika yığmasında 15 oyuna çıxıb, 1 qola imza atıb.
La Liqa klubu hücumçusu Munir El Həddadini isə “Xetafe”yə satıb. İspaniyada dünyaya göz açmış mərakeşli futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır. O, 2019-cu ildən oynadığı “Sevilya”da meydana çıxdığı 113 rəsmi matçda 25 qola və 7 məhsuldar ötürməyə imza atıb. 27 yaşlı hücumçu daha öncə “Barselona”, “Valensiya” və “Alaves”də də oynayıb. O, Mərakeş yığmasında da 11 oyuna 2 qolla yadda qalıb.
“Sevilya” Lukas Okamposla İvan Romeronu da icarəyə göndərib. Okampos Niderland “Ayaks”ına, Romero isə “Tenerife”yə keçib. İvan Romero mövsümün sonunadək icarədə olacaq. Klubun öz yetirməsi olan 21 yaşlı forvard əsas komandada 11 oyun keçirib.
Lukas Okampos isə “Ayaks”a satınalma şərti ilə icarəyə verilib. Niderland klubu 1 illik icarə üçün La Liqa təmsilçisinə 4 milyon avro ödəyib. Mövsümün sonunda isə futbolçunun birdəfəlik transferi üçün əlavə 25 milyon avro ödəmək lazım gələcək. Halbuki, İspaniya klubu bu oyunçunu 2019-cu ildə Marsel “Olimpik”indən 15 milyon avroya transfer etmişdi.
Okampos “Sevilya”da keçirdiyi 135 oyunda 34 qol vurub. Argentinalı futbolçu daha öncə “River Pleyt”, “Monako”, “Cenoa” və “Milan”da da oynayıb. O, Argentina yığmasında 10 oyuna çıxıb, 2 qola imza atıb.
Bizi Facebook-da izləyin