Şensoy: “Qarabağ” Türkiyə liqasında olsaydı, “Fənərbaxça”nı, “Beşiktaş”ı qabaqlayardı”

“Turan”ın (Tovuz) sabiq türkiyəli baş məşqçisi Naci Şensoy “Qarabağ”ın Çempionlar Liqasındakı uğurunu şərh edib. “Köhlən atlar” ümumi mərhələnin ilk turunda səfərdə “Benfika”ya 3:2 hesabı ilə qalib gəlib.

Komanda.az-a danışan Şensoy, “Qarabağ”ın qələbəsinin onun üçün sürpriz olmadığını deyib:

“Oyuna böyük zövqlə baxdım. Və mənim üçün heç bir sürpriz olmadı. Bu oyun “Ferentsvaroş”la matçın təkrarı idi. Diqqət etdizsə, ilk 16 dəqiqədə iki top fərqi ilə geri düşəndən sonra kamera Qurban Qurbanovun üzünü yaxından göstərdi. O, sarsılmaz görünürdü və komandasına inamını itirmədi. Bu duruş futbolçularda da özünü göstərdi. Bu, onlara vacib mesaj idi: “Futbolda geri düşmək məğlub olmaq demək deyil”. Onlar qarışqa kimi, intizamı itirmədən çalışıb, üç qol vurub, qələbə qazana bildilər. Bunu təkcə Türkiyədə və ya Azərbaycanda deyil, UEFA-nın təlim seminarlarında gənc məşqçilərə də göstərmək lazımdır. Psixologiyada buna “psixi güc” deyirlər. Çünki idmanda uduzmaq istəməyən birini məğlub etmək ümumiyyətlə, çox çətindir. Qurbanın Azərbaycan futboluna gətirdiyi ən önəmli şey budur. Təbii ki, bununla da bitmir. Qurban həm də Azərbaycan futboluna yeni bir fəlsəfə gətirdi. Unutmayaq ki, Qurbanovdan əvvəl Azərbaycan futbolu Rusiya futbol fəlsəfəsini böyük ölçüdə mənimsəmiş və ondan çox təsirlənmişdi. Lakin Qurban bu fəlsəfəni tamamilə dəyişdi. Topu, belə demək mümkünsə, yerə saldı. Və o, öz futbolunda ispan fəlsəfəsini həyata keçirdi. O, birinci zonadan ikinci zonaya, oradan isə üçüncü zonaya çoxsaylı ötürmələr edərək, oyunda üstünlük təşkil edərək, rəqibin qapısında qol imkanları yaratmaq ideyasını ortaya atdı. Bu yanaşma Azərbaycan futbolu üçün inqilabdır. Qurban buna nail oldu. Qəbul etsəz, mən də 2004-05-ci illərdə “Turan”ı çalışdıran zaman oxşar oyun fəlsəfəsini həyata keçirirdim. Ona görə də, “Turan”a Azərbaycanın “Barselona”sı deyirdilər.

Qurbanın digər mühüm keyfiyyəti onun seleksiyaçı olmasıdır. Yəni, öz oyun fəlsəfəsinə uyğun futbolçular tapıb müqavilə imzalamağı bacarır. O, bunu çox aşağı ödənişlər qarşılığında edir. Məsələn, yarımmüdafiədə Marko Yankoviçin oyuna töhfəsi “Fənərbaxça”dakı Freddən az deyil, amma onun xərci 30 dəfə azdır. Hər idman növündə bu xüsusiyyəti tapmaq çox çətindir. Ona görə də, Qurban Qurbanov Azərbaycan futbolunda inqilabçıdır. O, indiki futbol düşüncəsini tamamilə dəyişdi”.

Şensoy bildirib ki, “Qarabağ” Türkiyə Super Liqasında çıxış etmiş olsaydı, “Qalatasaray”la çempionluq mübarizəsi aparardı:

“Qarabağ” Türkiyə liqasında mübarizə aparsaydı, əminəm ki, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”u qabaqlayardı. İnanıram ki, çempionatda “Qalatasaray”la yarışacaqdılar”.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button