Şensoy: “Neftçi” artıq “Qarabağ”ı tək buraxmamalıdır”
Hər il olduğu kimi, bu il də azarkeşlər avrokubokların təsnifat mərhələsi çərçivəsində baş tutan matçları səbirsizliklə gözləyirdilər. Artıq onlar sevimli komandalarının çıxışlarını izləməyə müvəffəq olublar. Sevinənlər də oldu, məyus olanlar da… Azərbaycanlı və türkiyəli azarkeşlər də qitənin maraqla gözlənilən klub turnirlərində fərqli emosiyalar yaşadılar.
Bir vaxtlar Azərbaycanda “Turan”ı (Tovuz) çalışdırmış Naci Şensoyla 2023/24 mövsümündə avrokubokların təsnifat mərhələlərində Azərbaycanı və Türkiyəni təmsil edən komandalar barədə söhbətləşdik. Türkiyəli mütəxəssis Komanda.az-a açıqlamasında öncə “Qarabağ” haqda fikirlərini bölüşüb:
“Qarabağ” həmişə avrokuboklarda Azərbaycanın üzünü ağ edib. Hər zaman söyləmişəm, bir daha söyləyirəm: Azərbaycanın reklamı üçün Mədəniyyət və Turizm Nazirliyinin büdcəsindən milyard dollarlarla vəsait ayrılsa da, yenə də “Qarabağ”ın gördüyü iş qədər təsirli iş ortaya çıxmaz. Xüsusilə də, onların təmsil etdiyi ərazi artıq işğaldan azad edilib. Bunun da xüsusi təsiri var.
Hələ 20 il öncə Azərbaycanda çalışdığım dönəmdə Ağdam təmsilçisinin rəhbərliyinin geniş düşüncəli olduğunu gördüm. Onlar mənimlə çalışmaq üçün çox səy göstərdilər, amma nəsib olmadı. Bu səbəbdən də, səmimi düşüncələrinə görə onlara minnətdaram!
“Qarabağ” 2023/24 mövsümündə Çempionlar Liqasından kənar qaldı, amma Avropa Liqasında Lyublyana “Olimpiya”sını səfərdə məğlub etməklə qrup mərhələsinə vəsiqə qazanmaq üçün əhəmiyyətli üstünlük əldə etdi. Bu da nailiyyət sayılmalıdır. Gəlin, bir məsələdə razılaşaq: hər mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq asan deyil”.
Şensoy, digər təmsilçilərimiz – “Neftçi”, “Sabah” və “Qəbələ”dən də söz açıb:
“Avropa Konfrans Liqasında “Neftçi”nin uğurlu olacağını gözləyirdim. Ən azından “Beşiktaş”a qarşı daha da ciddi müqavimət sərgiləyəcəklərinə ümid edirdim. Qardaş ölkələr üçün çox həyəcanlı matçlar oldu. Nəticədə, İstanbul klubunun təcrübəsi və “feyr-pley” qələbə qazandı.
“Neftçi” artıq “Qarabağ”ı həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda tək buraxmamalıdır. Onlar daha böyük layihələrlə keçmişdəki gözəl və uğurlu günlərə qayıtmalıdırlar. “Neftçi” Azərbaycanın sıradan klubu olmamalıdır.
“Sabah” klubunu da təbrik edirəm. Gücləri yetdiyi qədər Avropada Azərbaycan futbolunu nümayiş etdirdilər. Yaxşı təcrübə qazandılar. Bu, onların qarşıdakı illərdə daha böyük uğurlarının ilkin addımları sayıla bilər.
“Qəbələ”yə gəldikdə isə, insan onların uğurlu illərini xatırlayır. Fikrimcə, “Qəbələ” hazırkı layihələni və strategiyanı bir daha nəzərdən keçirməlidir”.
Albaniya Super Liqa təmsilçisi olan “Bylis”i çalışdıran baş məşqçi “Qalatasaray”ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacağını deyib:
“Qalatasaray” 2022/23 mövsümündən öncə çox pis mövsüm keçirdi. Lakin ötən il böyük klub olduqlarını təsdiqlədilər və yenidən qurulmuş komanda ilə çempion oldular. Burada rəhbərliyin çox böyük rolu var. 2023/24 mövsümündə isə keçənilki heyəti qoruyub saxlamaqla, yeni transferlər etməklə ölkə çempionluğuna ən böyük namizəd sayılırlar.
Çempionlar Liqasının təsnifat mərhələsində xüsusi performans sərgiləmədilər, amma təcrübələri hesabına rəqiblərini bir-bir məğlubiyyətə uğratdılar. Gəlin, bunu qəbul edək. Pley-offun ilk matçında “Molde”ni məğlub etdilər və qrup mərhələsinə vəsiqə qazanmaq üçün böyük addım atdılar. Türkiyə Super Liqası yeni start götürüb və komandalar optimal formalarından hələ uzaqdırlar. Məncə, “Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq və orada uğurlu çıxış edəcək”.
O, Avropa Konfrans Liqasında mübarizəni davam etdirən “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor” barədə isə bunları dilə gətirib:
“Fənərbaxça” 2023/24 mövsümü üçün “ya varıq, ya da yoxuq” deyib. Klub prezidenti çoxlu tənqidlərə məruz qalıb. Azarkeşlərin də səbri tükənib. Onlar bir müddətdir çempionluq yaşamayıblar, artıq dayana bilmirlər. “Fənərbaxça”da məşqçi kimi çalışan biri olaraq, bunu yaxşı bilirəm. Ali Koç bu il “kisənin ağzı”nı açdı və Edin Dzeko, Duşan Tadiç, Fred, Sebastian Şimanski kimi böyük futbolçular heyətə cəlb edildi. Bəli, transfer edilən futbolçuların yaşları çox ola bilər, amma təcrübələri böyükdür. Məncə, Super Liqada cari mövsümün çempionu “Fənərbaxça” olacaq. Bu, şəxsi fikrimdir. Avrokuboklarda isə qrup mərhələsini adlayaraq, 1/4 finala qədər irəliləyəcəklər.
“Beşiktaş”ın büdcəsi “Qalatasaray” və “Fənərbaxça” ilə müqayisədə çox deyil. Transferlər edirlər, amma daha az miqdarda pul tələb edən futbolçuları seçmək məcburiyyətində qalırlar. Ötən mövsüm çox uğurlu çıxış edən Natan Redmondu heyətdə saxlaya bilmədilər. Xatırlayırsızsa, “Beşiktaş”ın “Fənərbaxça”ya 4:1 hesabı ilə qalib gəldiyi matçda Redmond rəqibi təkbaşına məğlub etmişdi.
“Adana Dəmirspor” Avropada Türkiyəni çox gözəl təmsil edir. Patrik Kluyverti komandanın “sükanı arxasına” gətirdilər. Bir az zaman lazımdır ki, o, Niderlandın futbol fəlsəfəsini futbolçulara ötürə bilsin. “Adana Dəmirspor” rəhbərliyini böyük işlər gördüyü üçün təbrik edirəm. Avrokuboklarda uğurlu olmaq və uğurun davamını gətirmək zaman, səbr tələb edir”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin