Şenol Günəş: “Azərbaycana bir daha getmək istəyirəm”
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsindəki rəqibləri barədə danışıb.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis həmin rəqiblərlə oyunlara hazırlıq məqsədilə yenidən Bakıya səfər etmək istədiyini açıqlayıb.
“İtaliya ev sahibidi və güclü bir komandadı. Onlara tərs gələcək bir oyun üslubu seçməyə çalışacağıq. Ölkəmizi tanıtmaq baxımından gözəl bir şans olacaq. Uels 4-cü səbətdən gələ biləcək ən güclü komanda idi. Bu qrupda hər nəticə qeydə alına bilər. Qrup birincisi olmaq istəyirik, amma önəmli olan qrupdan çıxmaqdı. 1/4 finala, yarımfinala yüksəlmək hər kəsin xəyalıdı. Bu turnirdən alacağımız təcrübəni dünya çempionatına da daşımalıyıq” – deyə, Günəş bildirib.
O vurğulayıb ki, martda iki yoxlama oyunu keçirəcəklər: “Sloveniya və Avstriyada oynayacağıq. Yay proqramını isə may ayı üçün planlaşdırırıq. Azərbaycan, Xorvatiya və İrlandiya ilə qarşılaşacağıq. Uelsə qarşı keçirəcəyimiz ikinci oyunda qalib gəlsək, qrupdan çıxacağımızı düşünürəm. Öncə İtaliyaya gedib, sonra Azərbaycana uçmağımızın bizə necə təsir edəcəyini bilmirik.
UEFA rəsmiləri ilə söhbətlərimdə onlar “sizə Bakı çıxar” deyirdi. Orada stadion dolacaq, coşqu olacaq. 62 min nəfərlik arenada 50 min tərəfdarımız olacaq. İlkin hazırlıqlar üçün Azərbaycana bir daha getmək istəyirəm”.
Xatırladaq ki, Şenol Günəş AÇ-2020-nin püşkatma mərasimindən bir neçə gün sonra Bakıda olmuş, buradakı infrastrukturla, oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu ilə tanış olmuşdu. Onun növbəti səfərinin vaxtı isə hələlik, dəqiq deyil.
Türkiyə millisi İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. “Ay-ulduzlular” Uels və İsveçrəyə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Bizi Facebook-da izləyin