Luis Enrike: “İlk dəfə idi ki, müqaviləm yenilənmədi”
İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrike yığma komanda ilə yollarının ayrılmasına dair fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müqaviləsinin yenilənməməsi qərarına hörmət etdiyini bildirib:
“İlk dəfə idi ki, müqaviləm yenilənmədi. Mən bu seçimə hörmət edirəm. Bir yerdə artıq sənə inanmırlarsa, səni bu işə uyğun hesab etmirlərsə, o zaman məmnuniyyətlə ayrılmalısan. AÇ-2020-dən sonra mənə müqaviləni uzatmağı təklif etdilər, lakin imtina etdim. DÇ-2022-nin sonuna qədər bu məsələni təxirə saldım. Məncə, bu yanaşma daha məntiqlidir”.
Enrike özünü klub məşqçisi kimi gördüyünü vurğulayıb:
“İndi mən bundan sonra nə edəcəyimi seçməkdə azadam. Məşq keçmək istəyirəm, hazırda özümü klub məşqçisi kimi təsəvvür edirəm. Bu il artıq bitir. Yəqin ki, gələn mövsümə qədər özüm üçün fasilə elan edəcəm”.
İspaniya millisi DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeşə uduzduğu üçün (penaltilər – 0:3) Luis Enrike ilə yollar ayrılıb.
İspaniya millisinin baş məşqçi postu Luis de la Fuenteyə tapşırılıb. O, bunadək İspaniyanın U-21 yığmasının “sükanı arxasında” olub.
Bizi Facebook-da izləyin