“Savadsız məşqçilərin ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”
“Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilərin ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”.
Komanda.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov şəxsi “instaqram” hesabında yazıb.
82 kq çəki dərəcəsində üçqat Avropa çempionu adını qazanan 34 yaşlı güləşçi bildirib ki, bütün güləş həyatı boyunca yalnız medal əldə etməyi yox, həm də tarixə düşməyi arzulayıb:
“Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəm. Buna görə Allaha şükür edib, qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm”.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə milli komanda ümumi hesabda da çempion olub.
Bizi Facebook-da izləyin