Satqın, xain və yaramaz jurnalistlər!

Mız

Bu gün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmadan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev alıb əlinə mikrofonu, keçib jurnalistlərin qarşısına. Qurum rəhbəri Premyer Liqaya sponsor tapılmadığını və bu məsələdə günahın mətbuatda olduğunu deyib:

“Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, bir adam yaxın gəlməyə qorxur”. 

Musayev təpədən-dırnağa kimi tamamilə haqlıdır.

Azərbaycan Premyer Liqasında 12 yox, 14 yox, 16 yox, 8 klubun olmasının günahkarı mətbuat deyilmi?

“Şəmkir”i, “Xəzər Lənkəran”ı, “Bakı”nı, “MKT-Araz”ı, “Karvan”ı, “Simurq”u, “Rəvan”ı və başqa klubları mətbuat dağıtmayıbmı?

Mətbuat hər gün qəzetlərdə, saytlarda azarkeşlərə üz tutaraq, “Stadionlara gəlməyin, oturacaqların altında bomba gizlədilib” manşetlərini vermirmi?

Azərbaycan milli komandalarının Avropada qapazaltı olmasını mətbuat təşkil etmirmi?

Azərbaycanın əsas milli komandasının AÇ-2020-nin seçmə mərhələsində vur-tut 1 xal toplaması üçün jurnalistlər gecə-gündüz Seyid Lazım ağanın cəddinə dua edib, nəzir qutularına pul tökmürlərmi?

Hətta… hətta “Qarabağ”ın bir neçə gün əvvəl APEOL-ə də uduzmasında Azərbaycan mətbuatının barmağı yoxdurmu?

Ramin Musayev tamamilə haqlıdır, azərbaycanlı idman jurnalistləri satqın, xain və yaramazdırlar. Ölkə futbolunun bu gündə olmasına görə hamınız o biri dünyada cavab verəcəksiz, ey idman yazarları!

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button