Santyaqo Bernabeunun transferi üçün hər şeyini satmağa hazır olduğu “Qara hörümçək” Yazı+Fotolar
Futbol tarixinin ən yaxşı 5 qapıçısından biri olaraq dəyərləndirilən Lev Yaşinin həyatı təkcə futbolsevərləri deyil, hər kəsi maraqlandırır.
Lev Yaşin 1929-cu il oktyabrın 22-də, Moskvada dünyaya gəlib. Onun uşaqlığı ikinci dünya müharibəsi dövrünə təsadüf etdiyi üçün, həyatının ən yaxşı anlarını çətinliklər, sıxıntılar içərisində keçirib. Az büdcəli ailənin övladı olan Yaşin təhsil ala bilməyib, kiçik yaşlarından işləməyə məcbur olmuşdu. Hələ 12 yaşındaykən müharibə üçün lazım olan ləvazimatlar istehsal edən fabrikdə işləməyə başlamışdı. Elə həmin illərdə o, öz istedadını kəşf edir. 12 yaşından zavodun futbol komandasında oynamağa başlayan Yaşin, zaman keçdikcə inkişaf edir və peşəkar karyerasına başlayır.
Onun peşəkar futbol karyerası “Dinamo”da (Moskva) başlayır. Klub 1949-cu ildə 20 yaşlı bu gənclə müqavilə imzalayır və 21 il davam edən hekayənin başlanğıcını qoyur. Amma bu başlanğıc o qədər də parlaq alınmır. İştirak etdiyi ilk yoldaşlıq oyununda gözlənilməz qollar buraxan gənc qapıçı, itirdiyi inamı yaşıl meydanlarda deyil, xokkeydə qazanır. Xokkey qapıçısı olaraq “Dinamo” ilə birlikdə 1953-cü ildə SSRİ kubokunu qazanan Yaşin, bunun sayəsində yenidən özünə olan inamı bərpa edir. Elə həmin il futbola qayıdan qolkiper, artıq daha təcrübəli, daha inamlı və daha güclü idi. Qol buraxdığı oyunların birindən sonra, “Bir qapıçı qol buraxdıqdan sonra necə üzgün olmaz?! İşgəncə edilibmiş kimi acı çəkməsi lazımdır. Sakit qala bilirsə, bu, onun sonu deməkdir. Keçmişdə nə etdiyi vacib deyil, belə adamların gələcəyi yoxdur” demişdi.
1954-cü ildə ilk dəfə SSRİ millisinə dəvət alan futbolçu, iki il sonra Melburn olimpiadası üçün də komandaya çağırılır. Komandası olimpiadada qızıl medal qazanarkən, o, bütün turnir ərzində qapısından sadəcə iki qol buraxmışdı.
1958-ci ildə İsveçdə keçirilən dünya çempionatına damğa vuran, qara formada çıxış edən Yaşin olur. Bütün turnir ərzində hər kəs onu “Qara hörümçək” deyə, çağırır. Həmin turnirdə imperiyanın milli komandası ev sahibi İsveçə məğlub olaraq mübarizəni dayandırsa da, 1960-cı ildə tarix yazmağı bacarır. Həmin il təşkil olunan Avropa çempionatına qatılan yığma, turnirin qalibi olur. Levin oyunu haqqında maraqlananlara ən yaxşı cavabı isə həmin vaxt “Real”ın prezidenti olan Santyaqo Bernabeu verir:
“Ona istədiyi pulu verməyə hazıram. Ailəmin bütün dəyərli əşyalarını satıb borc götürməyim lazım olsa da, onu almaq istəyirəm. Amma onun üçün ölçülə biləcək bir dəyər yoxdur, Prado muzeyində olan məşhur rəssamların tabloları kimi…”.
1962-ci ildə keçirilən dünya çempionatı isə onun üçün tamamilə fərqli alınır. Keçirdiyi ilk oyunda Yuqoslaviya millisindən qol buraxmayan Yaşin, ikinci oyunda kolumbiyalı futbolçu Markos Kollun künc zərbəsindən vurduğu qola mane ola bilmir. Buna baxmayaraq, qrupdan çıxan sovet komandası 1/4 final mərhələsinə qədər yüksəlir, amma bu mərhələ onlar üçün heç də uğurlu alınmır. Çili ilə oyunda iki qol buraxan qapıçı, bu matçda maraqlı anlar yaşayır. İkinci qolu vuran Eladio Royas, sovet futbolunun əfsanəsinə qol vura bildiyinə inanmır. Qolu vurduqdan sonra sevinmək əvəzinə, Yaşinin yanına gedir və onu qucaqlayır.
Rus dilindən adı “Aslan” mənasına gələn qapıçının karyerası bu turnirdən sonra müzakirə olunmağa başlayır. Amma bu müzakirələrə fikir verməyən “Aslan”, 1963-cü ildə Avropada ilin futbolçusu, hazırkı “qızıl top” mükafatının qalibi olur. Tənqidlərə baxmayaraq, ondan bu uğuru necə qazandığını soruşduqda, belə cavab vermişdi:
“Oyundan əvvəl sakit qala bilmək üçün bir siqaret çəkir, əzələlərimi yumşaltmaq üçün isə içki içirəm”.
1964-cü ildəki Avropa çempionatında ikinci olan Yaşin üçün 1966-cı ildə keçirilən dünya çempionatı sonuncu olur. Yarımfinalda Qərbi Almaniyaya məğlub olan SSRİ millisi, turniri dördüncü pillədə bitirir.
Sovet ittifaqının ən böyük mükafatlarından sayılan “Stalin nişanı” ilə mükafatlandırılan “Qara hörümçək”, 1971-ci ildə karyerasını bitirməyi qərara alır. Karyerası boyunca bir çox uğurlar qazanan Yaşin üçün Moskvanın “Lujniki” stadionunda vida matçı təşkil olunur. Pele, Eysebio, Herd Müller kimi futbol tarixinin parlaq simaları bu matçda 100 mindən çox azarkeşin qarşısında meydana çıxır.
Karyerası boyunca təkcə “Dinamo”nun formasını geyinən Yaşin, bu klubla 5 dəfə SSRİ çempionluğu, 3 dəfə SSRİ kuboku və Avropa kubokunu qazanıb. O, hələ də, Avropada ilin futbolçusu mükafatını qazanan yeganə qapıçıdır. 1989-cu ildə “Lenin mükafatı”na layiq görülən qapıçı, FİFA-nın 2000-ci ildə seçdiyi “20-ci əsrin komandası”nda da yer alır. 2003-cü ildə, UEFA-nın 50-ci illiyində Rusiya Futbol Federasiyası tərəfindən “50 ilin ən yaxşı rus futbolçusu” seçilir. Bundan başqa, 1994-cü ildən bəri FİFA, dünya çempionatının ən yaxşı qapıçısına onun adını daşıyan “Yaşin mükafatı”nı verir.
Yaşin karyerasını bitirdikdən sonra, 1986-cı ildə dizindən böyük zədə alır. Həkimlər qətiyyətlə ayağının kəsilməsinin vacib olduğunu desələr də, o, bundan imtina edir. Amma problem tək bununla da bitmir. Bir müddət sonra o, mədə xərçənginə tutulur. Müalicələrdən istənilən nəticəni əldə edə bilməyən Lev, 1990-cı ildə vəfat edir. Ölümündən uzun illər keçsə də, onun adı futbol azarkeşlərinin dilindədir. Axı bu dünyaya Lev Yaşin kimi qapıçılar tez-tez gəlmir.
P.S. Lev Yaşinin karyerasını həsr etdiyi “Dinamo”da Azərbaycan futbolunun parlaq simalarından olmuş Ələkbər Məmmədov da forma geyinib. Məmmədov 1954-59-cu illərdə Moskva klubunun uğurları üçün çalışıb.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin