
“Santuş milli komanda səviyyəsində komanda düzəltmədi” – MÜSAHİBƏ
Azərbaycan millisinin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Feranandu Santuşun göndərilməsini necə qiymətləndirirsiz?
– Normal. Tez göndərmək lazım idi onu. Gecikmişdilər. Hətta Millətlər Liqasında işə yaramadı, yola salınmalı idi. Test etdilər onu. Bilirsiz, Millətlər Liqası əladır, heyəti formalaşdırmaq üçün vaxt çox olur. Komanda dünya çempionatının, Avropa çempionatının seçmə mərhələlərinə hazır olmalıdır. Santuş Millətlər Liqasını boşa verdi, əsası da o idi ki, heyətdə dəyişiklikər çox oldu. Seçmə mərhələ gəldi, ilk oyunda İslandiya yığması ilə oynadıq. Mən deyərdim ki, orta xətt yox idi. Başa düşürsən? Santuş milli komanda səviyyəsində komanda düzəltmədi. Əsas budur. Ona Millətlər Liqasında vaxt verdilər, özü də ki, vaxt çox böyük idi. Həddindən artıq… Komandanı düzəldə bilmədi və İslandiya yığması ilə biabırçı nəticə…
– Amma Ayxan Abbasovun müvəqqəti gəlişi hər şeyi dəyişdi?
– Bəli, üç gün sonra Ukrayna yığması ilə oyun. Həmin uşaqlardır, düzdür, orta xətt dəyişilmişdi, müdafiə də elə həmçinin. Yəni, dəyişiklik etdi. Ayxan dəyişiklik etdi. Birinci nə xoşuma gəldi? Komandada istək var idi, bilirdilər ki, nə üçün oynayırlar, bir-birlərini yaxşı sığortalayırdılar. Və çalışırdılar ki, hər top hücumameyilli olsun. Bu, istəyin böyük bir əlamətidir.
Bilirsiz, SSRİ vaxtı ilə indiki arasında böyük fərq var. O zaman vəziyyət başqa idi, siyasi baxış başqa idi. İndi isə açıq-aşkar oyunçu rahatlıqla öz fikrini bildirə bilər. Həmin oyunçulardan komanda düzəltmək lazımdır. Oyunçular baş məşqçiyə inanmalıdırlar, baş məşqçi də oyunçuya. Yəni, bu vəhdət olmalıdır, bu iki amil vacibdir. Son oyunda Ayxan saat hesabı desək, az bir müddətdə uşaqları inandıra bildi. Uşaqlar da ona inanırdı. Düzdür, bir oyundur, amma hazırda bu oyunun davamı da olmalıdır. Bu da ki oyunçulardan, məşqçilər heyətindən asılıdır, qurtardı getdi. Amma Santuş heç bir dəyişiklik etmirdi. Hətta əvəzetmələr də elə səviyyədə olurdu ki, onlar da zəif çıxış edirdilər. Yəni, hazır deyildilər. Hər bir oyunçunu fərdi hazırlamaq lazımdır. Bu da məşqçilər heyətinin işidir. Söhbət bundan gedir.
– Azərbaycan millisinin baş məşqçi postunda kimi görmək istərdiz?
– Baş məşqçi postu üçün yaxşı yerli mütəxəssislər var. İşləyə bilərlər, sadəcə onlara inanmaq lazımdır.
– Sizcə, Ayxan Abbasov qalsa, nəyəsə nail ola bilər?
– Mən yenə də deyirəm, bu məsələ mənlik deyil.
– Başa düşürəm, sadəcə, fikirlərinizi bilmək istəyirik...
– Hazırda fikrim elədir ki, Ayxan müəllim bir oyuna çıxardı komandanı, çox gözəl oynadılar, ola bilər ki, bunun ardıcıllığı olsun. Niyə də işləməsin? İşləsə, vaxt verəcəklər.
– Nə qədər vaxt verəcəklər?
– Bu mərhələnin sonuna kimi və ya bir neçə il. Bax, söhbət bundan gedir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



