“Santuşluq, Byazilik bir şey yoxdur, bütün günahlar özümüzdədir”

AFFA dünən Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postundan göndərildiyini açıqladı. Bundan sonra milli komanda ilə bağlı müzakirələr bir az da qızışdı.

Komanda.az xəbər verir ki, “Turan Tovuz” klubunun İdarə Heyətinin üzvü Yaşar Sultanov mövzu ilə bağlı sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Həmin paylaşımda qeyd olunanları təqdim edirik:

“Bunu da yolladıq, getdi. Kim olacaq növbəti təyin olunub, kompensasiya ödənilib yola salınacaq kəs? İstər Qvardiola olsun, istər Ancelotti, istər Klopp, istərsə də Zidan, heç bir fərqi yoxdur, heç nə dəyişməyəcək. Peşəkar sürücülər kifayət qədərdir, amma maşın bərbad vəziyyətdədir, arxa-qabaq təkərləri yoxdur, “rama” çürüyüb, motor da yerdədir, sürüləsi deyil. Komanda yoxdur, sadəcə! Adlı-sanlı, mükəmməl karyeralara məxsus mütəxəssisləri gətirib Azərbaycanda damğalamayaq. Heç kimin xətrinə dəyməsin, Azərbaycanda Foqtsu, Prosineçkini, De Byazini, Santuşu mühakimə etmək iqtidarında olan kimsə yoxdur, heç kimin haqqı da yoxdur, karyera baxımından müqayisə etsək, bu ədəbsizlik kimi çıxar. Gəlin günahı özümüzdə axtaraq, biz hamımız çox yaxşıyıq, gələn dünya səviyyəli mütəxəssislər zaydır? Oyunu futbolçular oynayır, məşqçilər yox. Müqayisə edək, Gürcüstanın 350, Ermənistanın 80 futbolçusu Avropada, keçmiş ittifaq məkanında, tanınmış klublarda legioner həyatı yaşayır. Təsəvvür edək, iki gürcü futbolçu (Kvaratsxeliya, Mamardaşvili) ötən il Avropanın ən yaxşı futbolçusu nominasiyasında 20 nəfərlik siyahıda yer almışdılar, Mxitaryan Avropa futbolunun bütün ali titullarına sahib oldu. Bizim isə 3-4 nəfər əyri-üyrü karyeraya malik futbolçularımız hələ ki, sürünürlər. Bu azmış kimi, milli çempionatımızda legioner limiti götürüldü, azca perspektivi olan yerli uşaqlar oyundankənar (hərfi mənada) vəziyyətdə qaldılar. Milli komanda hardan, kimlər arasından seçilməli? Legioner limiti o ölkələrdə ləğv edilər ki, həmin ölkənin azı 60-80 futbolçusu digər ölkələrdə legioner həyatı yaşasınlar. Belə olan halda Santuşluq, Byazilik bir şey yoxdur, bütün günahlar özümüzdədir. Axı, zamanında Vəli Qasımov La Liqada top qovurdu, Nazim Süleymanov Rusiyanın futbol əfsanələrindən biri kimi şərəfli karyera sahibi idi, İqor Ponomaryov Olimpiya çempionu idi, Arif Əsədov, Vyaçeslav Qədirov, Tərlan Əhmədov dünya çempionu və prizerları idilər (SSRİ gənclər yığmasında).

Bir sözlə, futbolumuz ağır tənəzzüldədir. 66 kənd rayonlarının yalnız birində (Qəbələ) normal futbol oynamaq imkanı var. Premyer Liqa klubları Bakıda cəmləşiblər. Əyalət futbolu tam sükunət vəziyyətindədir. Uşaqlar üçün əlçatan, ictimai istifadə üçün meydançalar yox dərəcəsindədir. Türkiyə, Rusiya və digər qonşu dövlətlərin əksər klubları bələdiyyə komandalarıdır. Bizdə komanda bir yana, bircə dənə də olsa bələdiyyə stadionu, meydançası tanıyırsızmı? Hətta, uşaqların özlərinin məktəb çantalarından qapı düzəldib oynadıqları meydançalar belə, satılıb qurtarıb. Nəzərə alaq, diqqətli olaq, bazarlar, ticarət mərkəzləri, şadlıq evləri, kababxanalar, çayxanalar və s. keçmiş meydançaların yerində tikilib.

Futbolumuz faciəvi durumdadır. Təcili həyəcan təbili çalınmalı, futbolun xilası üçün ən ali səviyyədə, geniş və hərtərəfli proqram çərçivəsində təxirəsalınmaz işlər aparılmalıdır. Hər kənd, hər bir yaşayış məntəqəsi stadionla, meydançalarla, daha doğrusu, futbolla təmin olunmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button