
Santuş: “Yuxuda görsəydim ki, 0:3 hesabı ilə məğlub oluruq, heyəti dəyişərdim”
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu çərçivəsində Haiti yığmasını qəbul edib.
Komanda.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən və 0:3 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan sonra mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı komandasının bu gün meydana məğlub olmağa çıxdığını düşünür:
“Əlbəttə, yuxuda görsəydim ki, 0:3 hesabı ilə məğlub oluruq, heyəti dəyişərdim. Oyunçular təlim-məşq toplanışına yığışanda özlərini yaxşı göstərirdilər. Oyundan sonra çox şey demək olar. Düşünürəm ki, komanda bu gün meydana məğlub olmağa çıxmışdı. İlk hissədə epizodlarımız oldu, yararlana bilmədik. İkinci hissədə daha çox hücum xəttinə oyunçu buraxdım ki, rəqibin cinahlarındakı boşluqlardan yararlanaq. Eyni zamanda, orta xəttə oyunçu daxil etdim ki, bu mövqedə intensivliyi artıraq. İkinci hissəyə daha balanslı başladıq. Amma ikinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Xəyal, Səbuhi meydana daxil olandan sonra intensivliyi artırsaq da sonluq alınmadı. Cəhd etdilər, amma olmadı.
Beşli müdafiə sistemi ilə cəmi iki oyun keçirmişik. Rahili buraxmışdıq, o, çünki müdafiənin mərkəzində də, sağ cinahında da oynaya bilir. Bunda məqsədimiz Elvin Cəfərquliyevə cinahın hücumunda daha da sərbəstlik vermək idi. Müdafiə olunmağı düşünmürdük. Oyunçularıma güvənirdim. Ona görə də belə seçim etmişdik.
Elvinlə qırmızı vərəqə barədə danışdım. Başa saldım ki, bu, olmamalıdır, baş verməməlidir. Amma olubsa, buna görə futbolçunu öldürə bilmərik.
Növbəti oyunda bəzi dəyişikliklər olacaq. Gələn oyun istədiyimiz kimi getsə, ehtimal var ki, Şahniyarovu oyuna buraxaq. Çox istedadlı, talantlı futbolçudur. Starteji cəhətdən bu artıq mənim üzərimə düşən məsuliyyətdir. Bu gün fərqli düşünürdük. Alınmadı. Növbəti oyunda bəzi dəyişikliklər olacaq.
Azarkeşlər millidən qələbə gözləyir. Son oyunlarda qələbə qazana bilmirik. Onları başa düşürəm. Bunların üzərində özümüz işləməliyik. İnanıram ki, biz də qələbələri sıraladıqca rəqib azarkeşlər də bizi alqışlayacaq. Mən inanıram ki, Azərbaycan millisində oyun baxımından dəyişiklik etmək olar. Oyunçuların potensialını düşünüb hücum futbolu oynamaq istədik. Bəlkə də, müdafiədə oturub, oyunumuzu əks-hücumlar üzərində qursaydıq, indi fərqli nəticə ola bilərdi. Yenə də deyirəm, məşqçi olaraq məsuliyyət mənim üzərimə düşür. Növbəti oyunda çalışacağıq ki, dəyişikliklər edib uğur qazanaq”.
Azərbaycan millisi növbəti yoldaşlıq matçında Masazırda yerləşən “Bank Respublika Arena”da Belarus yığmasını qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



