Santuş “razıyam, məmnunam” dedi

Azərbaycan millisi bu gün yoxlama oyunu çərçivəsində Macarıstan yığmasını qəbul edib.

Komanda.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan sonra mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı oyuna yaxşı başlamadıqlarını bildirib:

“Oyuna yaxşı başlamadıq, qapımızda erkən qol gördük. Buna baxmayaraq, oyunçularım tez toparlanıb reaksiya verə bildilər və hesabı bərabərləşdirdik. Bundan sonra oyunda balans yarandı. Sonra ikinci qolu buraxdıq. Oyunçularım sona qədər inanırdı ki, bərabərlik qolunu vuracaqlar.

Bəzi futbolçularda yorğunluq var idi, ona görə əvəzetmələr etdik. Oyunun son 15 dəqiqəsində üç şansımız oldu, yararlana bilmədik. Futbolda bəzən bəxt də lazımdır. Ümumi götürəndə, keçirdiyimiz bu iki oyundakı çıxışımızdan məmnunam, razıyam. Bu təlim-məşq toplanışını öncəki ilə müqayisə etdikdə oyunçularım daha yaxşı çıxış etdilər.

Sonlara yaxın Rza Cəfərovun irəli çıxması, rəqibin cərmə meydançasına kimi getməsi təbii ki, mənim qərarım idi.

Fərqli heyətlər ona görə seçirik ki, uzun yol gəlmişik, oyunçular yorğun olur. Onlar da insandırlar və əlbəttə ki, istirahətə ehtiyacları var. Bu gün baxsaq, rəqibin heyətində dəyişikliklər var idi.

Emin Mahmudov bu gün deyərdim ki, mükəmməl çıxış etdi. Düşünürəm ki, bu mövqedə daha yaxşıdır. Son iki oyunu bir daha qeyd etmək istərdim ki, Emin mükəmməl oynadı”.

Oyun Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da baş tutub. Azərbaycan millisinin bir neçə gün öncə səfərdə Latviya yığması ilə keçirdiyi yoxlama oyununda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button