Santuş: “Məncə, düzgün yoldayıq”

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiya yığmasını qəbul edib.

Komanda.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan ev sahiblərinin baş məşqçisi Fernandu Santuşun oyundan sonra mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı bunun biabırçı məğlubiyyət olmadığını bildirib:

“Düşünürəm ki, oyunun ilk dəqiqələrindən 68-ci dəqiqəyə kimi yaxşı oyun göstərdik. “Qırmızı” oyunun qırılma anı oldu. Bunu bir az bəxt amili də adlandırardım. Həmin dəqiqədən sonra üstünlüyü rəqibə verdik.

Mən bunu biabırçı məğlubiyyət adlandırmazdım. Təbii ki, yaxşılaşdırmalı olduğumuz elementlər var. Fərdi olaraq futbolçularda səhv axtarmağa nə var ki? Mən ümumiyyətlə, futbolçularda səhv axtarmağı xoşlamıram. Hakimin qərarında hardasa qərəz gördüm. Amma bu onun qərarıdır, dəyişə bilmərik.

Bu layihə qısa müddət ərzində reallaşacaq proyekt deyil. Buna zaman lazımdır. Dəfələrlə müsahibələrimdə demişəm ki, müəyyən vaxtdan sonra bu komanda yaxşı nətcələr göstərəcək. Mən bu potensialı oyunçularda görürəm. Amma hələ heç bir il keçməyib. Məqsədimiz sırf gələcəkdə daha yaxşı oyun göstərməkdir. Təbii olaraq buna çalışırıq. 2028-ci ilə qədər müqaviləm var və düşünürəm ki, bu komanda bir ildən sonra rəqiblərlə bərabər səviyyəli mübarizə aparacaq.

Bu gün komanda yaxşı nəticə qazanmaq üçün hər şeyi etdi. 68-ci dəqiqəyə kimi bu cür güclü rəqibdən üstün oyun nümayiş etdirdik. 67-68 dəqiqə ərzində yaxşı oyun gördüm komandamda. Təbii ki, matçın belə bitməsini heç birimiz arzulamazdıq. Məncə, düzgün yoldayıq. Ötən matçda 30-34 dəqiqə üstün oyun nümayiş etdirmişdiksə, bu gün isə bunu daha çox edə bildik. Bu da bizə gələcəyə nikbin baxmağa ümid verir.

İsveçlə 5-6 qol epizodlarımız oldu, yararlana bilmədik. Daha sonra penaltini qaçırdıq. Bu gün Slovakiyadan üstün olan tərəf biz idik. İlk hissəni 2:0 hesabı ilə üstün bitirə bilərdik. Təəssüf ki, bitiriciliklə bağlı problemimiz var. Bir aydan sonra yenidən təlim-məşq toplanışı var və bunların üzərində daha çox işləyib, aradan qaldıracağıq”.

Azərbaycan millisi Millətlər Liqasında növbəti matçını noyabrın 16-da evdə Estoniya yığmasına qarşı keçirəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button