
Santuş: “Mən öz komandamı sabahkı oyuna hazırlamışam”
Azərbaycan millisi sabah yoxlama oyunu çərçivəsində Macarıstan yığması ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutacaq matçdan bir gün əvvəl Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı sabahkı matçın vacib olduğunu bildirib:
“Vacib oyundur. Hər dəfə rəqiblərimizi yaxşı təhlil edib oyunlara çıxırıq. Macarıstan yığmasını da təhlil etmişik, bilirik ki, hücumda necə oynayırlar, necə müdafiə olunurlar. Maraqlı, çətin oyun olacaq.
Hazırda yalnız Elvin Bədəlov zədəlidir. Bir məşqimiz qalıb və ümid edirəm ki, zədələnən futbolçumuz olmaz. Oyunçuların durumuna görə dəyişikliklər olacaq. Uzun yol gəlmişik, yorğun olan oyunçulur ola bilər. Buna uyğun dəyişiklik olacaq.
Macarıstan millisini yaxşı tanıyıram, onlarla bir neçə dəfə qarşılaşmışıq. Yaxşı təşkilatlanmış komandadır. Buna görə də, düşünürəm ki, sabah yaxşı oyun olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Macarıstan yaxşı milli komandadır. Bundan öncə Avropa çempionatında çıxış ediblər. Son illər Macarıstan futbolu inkişafdadır. Və mən də öz komandamı sabahkı oyuna hazırlamışam”.
Oyunun start fiti saat 20:00-da səslənəcək. Azərbaycan millisinin ötən günlərdə səfərdə Latviya yığması ilə keçirdiyi yoxlama oyununda 0:0 hesablı heç-heçə qeydə alınıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



