
Santuş: “Karyeram boyunca bu qədər ardıcıl məğlub olmamışam”
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu çərçivəsində Belarus yığması ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən və 0:2 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan sonra mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı ilk hissədə hər iki komandanın balanslı oyun nümayiş etdirdiyini bildirib:
“İlk hissədə hər iki komanda balanslı oyun nümayiş etdirdi. Oyunun əvvəllərində futbolçular daha çox arxa xətdə çıxış edirdi. Biz onların önə çıxmalı olduqlarını bilirdik. Yenə deyirəm, balanslı, bərabər səviyyəli oyun gedirdi. Şanslarımız da oldu. İlk 15 dəqiqəni yaxşı keçirdik.
İkinci hissəyə da yaxşı başlamışdıq. Xəyal Əliyev mükəmməl oyun keçirdi. Təəssüflər olsun ki, yenə bəsit qol buraxdıq. Bu da futbolun bir hissəsidir. Belə şeylərə görə çox üzülürük. Rəqib bir qol vurduqdan sonra oyunçular ruhdan düşmədi. Hücumlara çıxırdıq. Buna baxmayaraq, ikinci qolu buraxdıq. Yenə də təkrarlayıram ki, belə yüksək səviyyəli rəqabətdə bəsit səhvlər buraxmaq olmaz. Pozitiv cəhətlər çox oldu.
İlk dəfə millidə çıxəş edən oyunçular var idi. İstər Şahin, Səbuhi, Xəyal, Mərt olsun… Yaxşı çıxış etdilər. Bu göstərdi ki, gələcəyə ümidlə baxmağa dəyər. Oyunçularım əlindən gələni etdilər ki, məğlub olmayaq. Bugünkü oyunda yaxşı çıxış etdilər. Unutmayaq ki, Zamiq Əliyevin 20 yaşı var. Bu gənc oyunçular davamlı oynamalıdırlar ki, özlərinə inamı artsın. Səhv elədikdə biz onları itirsək, inkişaf olmayacaq.
Qismət Əliyev bundan öncə milliyə dəvət olunub. Mən oyunlara baxıram. Hazırkı durumda son oyunlara baxdıqda Amin Seydiyev məni daha çox cəlb etdi. Mərt nominal mərkəz müdafiəçisi olsa da, “Səbail”də davamlı olaraq sağ cinah müdafiəçisi kimi çıxış edir. Sizin verdiyiniz “hansısa oyunçu niyə dəvət olunmayıb” sualı normaldır. Keçən oyun başqadır.
Milli komanda ilə 109 oyun keçirmişəm. Onun ümumi götürəndə 20-də məğlub olmuşam. Siz Portuqaliya millisini Azərbaycan yığması ilə müqayisə edə bilməzsiz. İstər Portuqaliyada olsun, istərsə də, Yunanıstada, üst-üstə iki oyun ardıcıl məğlub olmamışam.
Bu gün bir addım önə atdıq. Çoxlu gənc oyunçular çıxış etdi. Düşünürəm ki, bu, irəliyə atılmış addım idi.
Üzr istəmək bir az başqa bir şeydir. Əlbəttə ki, biz azarkeşlərin istəklərini reallışdırmalıyıq, onları sevindirməliyik. Heç kim bu nəticələrə görə şad deyil. Kifayət qədər gücümüz var işimizi davam etdirməyə. Vaxt gələcək, azərbaycanlı azarkeşlər də sevinəcəklər. Bəli, düşünürəm ki, bu bir az vaxt alacaq. Çünkü mən bilirəm ki, bu asan bir şey deyil.
Mən də çox üzgünəm. Karyeram boyunca bu qədər ardıcıl məğlub olmamışam. Amma yenə deyirəm, mənim federasiya rəhbərliyi ilə müqaviləm var. Orada belə bir şərt var ki, 3 il və daha 1 il. Belə şərt olmasaydı, mən bura gəlməzdim. Mən yenə də təkrarlayıram ki, özümə inanıram. Gələcəkdə daha da güclü rəqiblərə qarşı oyun keçirəcəyik ki, inkişaf edək. Çünki belə rəqiblərlə oyunlarda səhvlərimizi daha aydın görə bilək”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



