“Sampdoriya”nın 3 futbolçusunda koronavirus aşkarlandı
İtaliyanın “Sampdoriya” klubu yenidən koronavirus şoku yaşayır.
Komanda.az xəbər verir ki, İtaliyada mayın 4-dən etibarən klublara fərdi məşqlər üçün icazə veriləndən bəri, bütün futbolçular koronavirus testindən keçirilir.
“Sampdoriya” da futbolçularını klub bazasına toplayıb. Lakin onlardan götürülən testlərdən üçünün nəticəsi müsbət çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin koronavirusa yoluxan futbolçuların adları açıqlanmayıb. Həmin oyunçuların özlərini yaxşı hiss etdiyi, buna baxmayaraq, karantinə alındıqları və bir müddət həkim nəzarəti altında olacaqları qeyd olunub.
Xatırladaq ki, pandemiyanın İtaliyada yenicə yayılmağa başladığı dövrdə də “Sampdoriya”nın bir neçə futbolçusu koronavirusa yoluxmuşdu. Onların arasında Manolo Qabbyadini, Albin Ekdal, Antonio La Qumina, Morten Torsbi, Yakub Yankto, Fabio Depaoli və Bartoş Bereşinskinin adları qeyd olunurdu.
Kütləvi testlər nəticəsində A Seriyasının digər klublarında da koronavirusa yoluxanların olduğu üzə çıxmaqdadı. Artıq “Torino”da 1, “Fiorentina”da 3 futbolçuda (klubun daha 3 əməkdaşında da) aşkarlanıb.
Bizi Facebook-da izləyin