Samir Abasovun demək istəyib, deyə bilmədikləri
“Neftçi”nin baş məşqçisi Samir Abasov dünən, Çempionlar Liqasının 1-ci mərhələsinin Tbilisi “Dinamo”su ilə cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib. Daha doğrusu, Abasov komandanın vəziyyətindən, transferlərlə bağlı məsələdən xeyli gileylənib. Sitat:
“Transferlərə çox ehtiyacımız var. Çempionlar Liqasında da gərgin oyunlar bizi gözləyir. Bir neçə mövqeyə futbolçu lazımdır. Həqiqətən, anlamıram ki, nə baş verir. Çalışırıq ki, düzəldək. Pulun olub-olmadığını deyə bilmərəm. Elə futbolçular var ki, heç danışıqlara girmək istəmir. Bu, hər kəs üçün çətinlik yaradır. Transferlərlə bağlı çətinlik çəkirik. İstədiyimiz futbolçunu gedib almaq gücündə olmalıyıq. Ən azı danışıqlar getməlidir. Əsas olan gedib futbolçunu almaq gücündə olmaqdır. Mənim üçün bu haqda danışmaq çox çətindir”.
“Neftçi”nin baş məşqçisi üstüörtülü də olsa, deməyə çalışır ki, istədiyimiz transferləri həyata keçirmək üçün lazım olan büdcə yoxdur.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Bakı klubunun əsas sponsoru, büdcəsini formalaşdıran SOCAR komandaya yeni mövsüm üçün əlavə pul ayırmayıb. Klub rəhbərliyi komandanın Çempionlar Liqasında çıxış edəcəyini əsas gətirərək, daha sanballı transferlər üçün büdcənin artırılmasını istəsə də, onların bu arzusu reallaşmayıb. Hətta bizdə olan məlumata görə, “Neftçi”nin büdcəsinin azaldılması da müzakirə mövzusu olub.
Abasovun dünənki mətbuat konfransında gileylənməsinin, şikayətlənməsinin arxasında da məhz bu məsələ dayanır.
SOCAR-dan, dolayısı ilə AFFA-dan maliyyələşən tək klub “Neftçi” deyil. SOCAR-ın ayırdığı, AFFA-nın əliylə büdcə sahibi olan klublardan biri də “Keşlə”dir. Hansı ki, Azərbaycanı bu mövsüm Konfrans Liqasında təmsil edəcək. Həmin “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov bir müddət əvvəl Komanda.az-a müsahibəsində etiraf etmişdi ki, AFFA klubun büdcəsini azaldıb. Sitat:
“Büdcəmiz azalıb. Müəyyən bir büdcə ayrıldı və biz də razılaşdıq. Çalışdıq ki, buna uyğun transferlər edək”.
Təsəvvür edirsiz, komanda Konfrans Liqasında mübarizəyə hazırlaşır və büdcəsi azaldılır. Bu cür anormallıqlar yəqin ki, təkcə Azərbaycan futbolunda baş verir. Hərçənd, Azərbaycanda futbolun hələ də var olması özü də bir anormallıqdır…
Qayıdaq “Neftçi”yə. Çempionlar Liqasında mübarizə aparan “ağ-qaralar”ı xeyli sayda futbolçu tərk edib: Ahmed Ahmedov, Keysuke Honda, Rəhman Hacıyev, Turan Vəlizadə, Bruno Teluşi, Səlahət Ağayev, Anton Krivotsyuk, Rener Alves, Stiven Jozef-Monroz, Tallison Dias, Cabir Əmirli. Klubun transfer etdiyi futbolçular isə bunlardır: Sezar Meza Kolli, Harramiz, Xəyal Nəcəfov…
Samir Abasovun mətbuat konfransında deməyə çalışdığı əslində bizim yazdıqlarımızdır. “Neftçi” bu gün “Dinamo” ilə cavab oyununa çıxacaq. Səfərdəki 2:1 hesablı qələbənin davamı gələcəkmi, gəlməyəcəkmi, bunu oyun bitəndə biləcəyik. Amma indidən bildiyimiz bir şey var ki, bu komanda bu heyətlə uzağa gedə bilməz. Getsə belə, möcüzə, bəxt sayəsində gedər.
Kürşad
Bizi Facebook-da izləyin