Samir Abasov yox, Qurban Qurbanov istefa verməlidir
Natiq Muxtarlı
Baxıram ki, “Neftçi”nin baş məşqçisi Samir Abasovu gözümçıxdıya salıblar. “Neftçi”nin azarkeşləri də, mətbuat da onu istefaya səsləyir. Niyə? Əvvəlcə baxaq görək, Samir Abasov “Neftçi”də nə qazanıb… Cəmisi 2 mövsüm çalışıb, birinci il “Qarabağ”ın əlindən çempionluğu alıb, ikinci mövsüm isə gümüş medal qazanıb “Neftçi” onun rəhbərliyi altında. Daha nə etməlidir? “Qarabağ” kimi komandanın olduğu yerdə bundan artıq nə qazanmaq olar? Avrokuboklarda uğursuz çıxış edib? Bəli, bununla razıyam. Amma “Neftçi”nin bu heyəti ilə Avropada uğur qazanmaq olmaz. Üstəlik, avrokuboklarda uğur qazanmaq üçün uzunmüddətli strategiya lazımdır. Eynən “Qarabağ”da olduğu kimi. Yəni Samir Abasova da Qurban Qurbanova verilən səlahiyyət və vaxt əta edilməlidir. Onda “Qarabağ” səviyyəsində ikinci komanda yaranar, rəqabət artar çempionatda. Məsələn, Azərbaycan çempionatı Şotlandiya çempionatına bənzəyər. Orada çempionluq uğurunda iki komanda – “Seltik” və “Reyncers” mübarizə aparır. Qalanları onlar üçün işləyir, futbolçu yetişdirir, satır, qazanırlar. “Qarabağ”ın “Aberdin”i hansı günə saldığını xatırlayırsınız yəqin ki. Amma nə olsun, “Reyncers” Avropa Liqasının finalına yüksəldi.
Yəni deməyim odur ki, Samir Abasovdan götürə bilməyəcəyi yükü tələb edirsiz. Yəni deməyim odur ki, Samir Abasovun “Neftçi”si bu il də çempion olsaydı, onda siz Qurban Qurbanovun istefa verməsini tələb edəcəkdiz. Ya da elə Qurban Qurbanov istefa verib xaricə getməli, “Qarabağ”ın çöküşü başlamalıdır ki, Samir Abasovun “Neftçi”si hər il çempion olsun. Yəni hər bir halda Qurban Qurbanov istefa verməlidir. Yaxşısı budur ki, tələb edin. Tələb edin ki, Samir Abasov qalsın, “Qarabağ”ın strategiyasına uyğun strategiya hazırlasın “Neftçi” rəhbərliyi. İki-üç ildən sonra “Qarabağ” səviyyəsində daha bir komandamız olsun. Onda Azərbaycan çempionatı Şotlandiya çempionatı səviyyəsinə yüksələ bilər. Elə bu da bəsimizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin