Samir Abasov: “Qəbələdən xalla dönə bilərdik”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 23-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Buradan məğlubiyyətlə getməyimizə üzülürük. Oyunun qırılma nöqtəsi buraxdığımız ikinci qol idi. İlk qoldan sonra futbolçularda ümid var idi. Paltardəyişmə otağından çıxanda özümüzü yaxşı motivasiya etmişdik. Qol vurduq, amma gec vurduq. Bir mövqedən iki oyunçu itirmək çətindir. “Zirə” ilə matçda da başımıza gəlmişdi. Bu, bilavasitə oyuna təsir edir. Təəssüf ki, ikinci qol komandanı sındırdı. Bir az ağır oyun keçdi. Qəbələdə oynamaq o qədər də asan deyil. İlk dəqiqələrdən çətinlik hiss edirsən. Futbolçular yüksəklikdə oynamağın çətinliyini hiss etdilər. Buna baxmayaraq, birinci hissədə oyun bizim nəzarətimiz altında idi. İki topumuz dirəkdən qayıtdı. Rəqibin isə cəmi bir zərbəsi var idi, o da qolla nəticələndi. Həmin qolda da şübhələr var. Təkrara baxdıqdan sonra deyəcəyik. Məyus oluruq. Buradan xalla dönə bilərdik. Amma bu, futboldur. Əl-qolumuzu sallamağa vaxtımız yoxdur. Bir məğlubiyyət bizi lap aşağılara ata bilər. Növbəti tur evdə “Kəpəz”lə oyunumuz var. Bundan da çətin olacaq, bundan da çox güc sərf etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button