“Ozobiç milliləşdiriləndə Stankoviç deyirdi ki, məni niyə milliləşdirmirlər?” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Abasov, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Oyun yorucu keçdi. Maraqsız idi. Bilmirəm ki, bu rahatlıq hardan gəlirdi. Son 15 dəqiqəni çıxmaqla, oyun xoşuma gəlmədi. Heç-heçə də ola bilərdi. Belə arxayınlıqla hər nəticə ola bilər. Futbolda belə şeylər olur. Ümumiyyətlə, darıxdırıcı oyun oldu. Qələbə ilə qayıtmaq xoş oldu. Alınmayan oyunları, hətta hesabda geri düşməyi, uduzmağı gözə almışıq. Çünki yeni və cavan oyunçularımız çoxdur. Vaxt lazımdır. Səhv edə-edə düzələcəyik. Bu gün lazımsız ötürmələri həddindən çox edirdik. Bizə vaxt lazımdır. Əsas odur ki, bütün futbolçularımız salamatdır.
- Voyislav Stankoviçlə Mamadu Kane arasında gərginlik var idi…
- Onlar bir-birlərinə çox yaxındır. Bilmirəm ki, Kane gedəndən sonra o nə edəcək. Məşqlərdə də bir çalışırlar. Paltardəyişmə otağında hava xoşdursa, qalanı boş şeydir.
- Xorxe Korrea nə vaxt hazır olacaq?
- Yeni transferlər hələ tam formalarında deyillər. Son dəqiqələrdə rəqib təzyiq edəndə, yeni oyuna girən Tyaqonun fiziki durumu ortaya çıxdı. Məşqlər vasitəsilə bunları aradan qaldıracağıq.
- Stankoviçin milliləşdirilməsi gündəmdədir?
- Xeyr. Filip Ozobiç milliləşdiriləndə Stankoviç deyirdi ki, məni niyə milliləşdirmirlər? Bu, bizdən asılı deyil.
- Sizcə, çempionat davam edə-edə limiti aradan götürmək olar?
- Hər şey mümkündür. Hərənin bir fikri var. Mən düşünürəm ki, güclü futbolçu oynamalıdır. Elxan Məmmədovun, Ramin Musayevin, hərənin öz fikri var. Mənim də. Şəxsi fikrimdir ki, limit aradan götürülsün. Elxan Məmmədov, Ramin Musayev dediyini təsdiqləyənlərdən çəkinin. Onlara xoş gəlsin deyə, təsdiqləyənlər var. Hər kəsin öz fikri var.
- Emin Mahmudovun durumu necədir?
- Elvin Camalovla mübarizədə zədə aldı. Son durumu bir-iki gün sonra bilinəcək.
- Sezar Meza Kolli ilə də sanki mövqe ilə bağlı dialoqunuz oldu. Etiraz edirdi?
- Etiraz etmirdi, sadəcə, o da öz baxışını izah etməyə çalışırdı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin