Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir”

“Neftçi”nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, Abasov, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstanın “Dinamo” (Tbilisi) komandası barədə də danışıb:

“İlk rəqibimiz olan Tbilisi “Dinamo”su barədə bu gündən məlumat toplamağa başlamışıq. Rəqibin bir neçə matçına baxmışıq. Yeni baş məşqçi, yəni, tanıdığımız Kaxaber Sxadadze tamam fərqli komanda yaradıb. Ciddi hazırlaşacağıq. Yeni baş məşqçinin gəlişindən sonra komandada müsbətə doğru xeyli dəyişiklik olub. Çox dinamik, hərəkətli komandadır. Bu da ondan irəli gəlir ki, Gürcüstan çempionatında artıq 17-ci tur oynanılır. Bu baxımdan bizi “Dinamo” ilə eyni sıraya qoymaq düzgün olmaz. Panikaya düşmürük. İstənilən rəqibə qarşı eyni formada hazırlaşacağıq. Birinci oyun bizim üçün çox önəmlidir”.

Abasov, 2-ci mərhələdə potensial rəqibləri olan Yunanıstan “Olimpiakos”u barədə hələ düşünmədiklərini deyib:

“Bunlar tam fərqli rəqiblərdir. Aralarında yerlə-göy qədər fərq var. Gürcüstan futbolu bizə yaxındır. Bəlkə də, “Dinamo” ilə “Neftçi”ni eyni tərəziyə qoymaq olar. Hər ikisi öz ölkəsinin flaqmanıdır. “Olimpiakos” isə tamam başqa səhifədir. Bu barədə 1-ci mərhələni keçəndən sonra danışarıq. Bəzi çətinliklərimiz olsa da, nikbinik. Əhval-ruhiyyə yaxşıdır”.

Baş məşqçinin sözlərinə görə, Çempionlar Liqasında ab-hava tamam başqa cür olur:

“Heyətimizdə elə oyunçular var ki, bəlkə də, Gürcüstan futbolu barədə ümumiyyətlə anlayışı yoxdur. Rəqibi analiz edib, onlara çatdırmaq özlüyündə gərgin prosesdir. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Xoş hal odur ki, tamamilə Çempionlar Liqası matçına köklənmişik. Motivasiyamız yüksəkdir. Hazırda bizim üçün birinci və ya ikinci rəqib çox da önəmli deyil. Komandada ÇL oyununa çıxmaq əhval-ruhiyyəsi var. Yeganə mənfi hal yaxşı kondisiyada olmamağımızdır. Bəzi futbolçular düşərgəyə bu gün qoşulublar. Amma vaxtımız var. Ölkə xaricindəki toplanışda yaxşı rəqiblərlə qarşılaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button