Samir Abasov Hayfadakı darmadağını şərh etdi

“Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqələrdən təhlükəni hiss etdik. Qapımız qarşısında qol epizodu yaşandı. Yusuf Lavalın yoxluğu da təsir etdi. Bundan başqa, üç nəfərin oyundan qopmağı bizə belə problem yaratdı. Nə qədər ağır məğlubiyyət olsa da, bizim üçün yaxşı təcrübə oldu. Bundan sonra kimlərlə yola davam edəcəyimizə baxacağıq. Əsas fikrimiz çempionata yönələcək.

Avrokuboklaradək olan hazırlıq dövrünü özünüz də görürsünüz. Belə heyətlə bu cür rəqibə qarşı sırf şansın hesabına nə isə edə bilərdik. Təəssüf ki, bu da alınmadı. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarmalı, ayağa qalxmalıyıq. Özümüzü çempionatda sübut etməyilik.

Belə rəqibə qarşı istədiyin heyətlə oynaya bilmirsənsə, işin çox çətindir. Harramiz Suares, Fəhmin Muradbəyli və Mert Çelik zəif çıxış etdi. Çelikin oyununu təcrübəsizliklə əlaqələndirmək olar. Digərlərini isə başa düşə bilmirəm. Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq.

Yusuf Laval olmasaydı, Harramiz yüz faiz oynamayacaqdı. Harramiz sürətli olduğu üçün sol cinahda çıxış edirdi. Təəssüf ki, oyundan qopan ilk futbolçulardan idi.

Uduzsaq da, kollektivdə problem yoxdur. Düzdür, belə hesabla məğlubiyyət pis təsir edir. Amma futbolçular arasında heç bir gərginlik yoxdur. Ola bilər ki, meydanda bir-birlərini başa düşmürlər. Bu da onların keyfiyyətindən asılıdır. Nə qədər hazırlıqlı olsan da, oyunu dəyişmək üçün yaxşı heyətin olmalıdır. Biz dəyişiklikləri məcburiyyətdən edirik. Razıyam, “Neftçi” avrokuboklarda oynamaq üçün hazır deyildi. Məqsədlər mövsümün əvvəlində bəlli olmalıdır. Məsələn, “Qarabağ” bir neçə oyunçu gətirib. Hədəfləri bəllidir. Bizdə qırılma nöqtəsi məhz transferlərlə bağlı oldu. Hələ HJK ilə oyundan sonra belə nəticənin olacağı gözlənilirdi. Emin Mahmudovun bədənində su qalmayıb. Onu “ölü” vəziyyətdə meydana buraxırıq. Xalqımızı təmsil edirik, ona görə də məğlubiyyətə görə üzülürük. Amma vəziyyət acınacaqlı deyil. Sadəcə, heyət komplektləşməyib. Ayağa qalxmalıyıq. Özümüzü “Qarabağ”la müqayisə etməkdə məqsəd kiminsə işinə qarışmaq deyil. “Neftçi”nin hədəfi hər zaman çempionluqdur. İndiki məqamda bu uşaqlarla yolumuza davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button