Samir Abasov: “Bu sınaqdan üzüağ çıxacağımıza inanıram”
“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı bu gün Tiflisdə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Uzun müddətdən sonra Azərbaycanı belə bir turnirdə təmsil etmək həddindən artıq qürurverirci hissdir və şərəfdir. Yalan danışmıram: Oyundan əvvəl üstümüzdə bir qədər gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Bəzi futbolçularımız bu cür səviyyəli yarışlarda ümumiyyətlə iştirak etməyiblər. Amma hesab edirəm ki, sabah oyun zamanı hər şey yaddan çıxacaq. Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq.
Matçdan əvvəl müəyyən problemlərimiz var. Lakin bunları şişirtmək istəmirəm. “Dinamo”nun bəzi üstünlükləri var. Rəqib hazırda Gürcüstan çempionatında çıxış edir, müəyyən taktiki üstünlükləri var. Biz isə yaxşı təlim-məşq toplanışı keçmişik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Oyunun nə qədər gərgin keçəcəyi məlumdur. Rəqibin köklü klub olduğu bir yana, Kaxaber Sxadadzenin gəlişindən sonra “Dinamo” çempionluq uğrunda mübarizədə özünü yaxşı tərəfdən göstərməyə başlayıb. Rəqibin necə oynayacağı bizə hələ aydın deyil. Bizi doğrudan da çox ağır oyun gözləyir. Sxadadzeni çox yaxşı tanıyır və işlədiyi komandaların nəyə qadir olduqlarını bilirəm. Ən azı ona görə ki, onun rəhbərliyi altında oynamışam”.
Abasov indidən əsas heyət barədə danışmağın tez olduğunu söyləyib: “Heyəti 90-95 faiz beynimizdə müəyyənləşdirmişik. Cəmi 3 yoldaşlıq görüşü keçirmişik. Bunlara əsasən, rəqibə qarşı nə isə düşünmək çətindir. Bununla belə, keçirdiyim hisslər möhtəşəmdir. Belə mötəbər turnirdə iştirak etmək mənim üçün fəxrdir”.
“Neftçi”nin baş məşqçisi sabiq çalışdırıcısı Ssxadadzenin onun barədə dediyi xoş sözlərə də reaksiya verib: “Sxadadze kimi işlədiyimi demək çətindir. İşlədiyim baş məşqçilərdən nə isə öyrənib-götürməyə çalışıram. Onların arasında Sxadadzenin yeri xüsusidir. Bu baş məşqçinin işindən nələrisə götürüb tətbiq etməyə çalışacağam”.
Baş məşqçi uzun müddətdən sonra Çempionlar Liqasında çıxış etməyin məsuliyyətini yaxşı anladıqlarını da dilə gətirib. Onun fikrincə, həddindən artıq istəkli olmaq “yanmağ”a gətirib çıxarır: “Hər bir komandanın öz çətinliyi var. Rəqibin baş məşqçisi çox oyundan şikayət edir. Mən isə oyun azlığından əziyyət çəkdiyimizi deyərdim. Bizdən asılı olmayan məsələ danışıqlar apardığımız oyunçuları hələ heyətimizə qata bilməməyimizdir. İki oyunun nəticəsinə əsasən mərhələ keçmək mümkündür. Bu görüşlərdə komandanın çıxışlarını izləyərək fikir yürüdürük. Bu cür yol bizi səhv istiqamətə apara bilər. Bu cür turnirlərdə xarakter ortaya qoymaq vacibdir və sınaqdan üzüağ çıxacağımıza inanıram”.
“Neftçi”nin baş məşqçisi “Dinamo”nun çox kompakt olduğunu və durmadan uzun müddət qaçmağa, kollektiv oynamağa qadir olduğunu söyləyib: “Rəqibin güclü və zəif tərəflərini açıqlamaq istəmirəm. Amma güclü tərəflərinin qarşısını almağa, zəif cəhətlərindən isə yararlanmağa çalışacağıq”.
Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin