Samir Abasov: “Bizi ən çox narahat edən meydança amilidir”
“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirəcəkləri oyundan öncə klubun rəsmi televiziyasına açıqlama verib.
Komanda.az xəbər verir ki, o, bunları söyləyib:
“Sabahkı oyunda bəzi dəyişikliklərə əl ata bilərik. Bizi ən çox narahat edən amil meydandır. Süni örtük futbolçulara problem yaşada bilər. Həmin meydanda oynayan bütün komandalar bunu təsdiq edər. Heyətdəki bəzi futbolçularda mikrozadələr var ki, bu da normaldır”.
43 yaşlı mütəxəssis bildirib ki, ölkəsinə getdiyi üçün bir müddət komandadan ayrı qalan Harramiz Soares artıq kollektivlə məşq edir və oynamağa hazırdır. Abasov yeni transferlərdən Xorxe Korreanın da fiziki durumunun yaxşılaşdığını söyləyib:
“Ondan başqa, digər yeni transferlərimiz “Neftçi”nin heyətində meydana çıxıb. Amma Korreanın məsələsini müzakirə etməliyik. Bəzi futbolçuların fiziki durumunu oyunlarla düzəltmək istəyirik. Lakin onun süni örtükdə oynaması təhlükəlidir. Oyunun gedişinə görə qərar qəbul edəcəyik”.
Baş məşqçi baxışda olan seneqallı futbolçular – dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib:
“Onlar gündən-günə xoş təəssürat yaradırlar. Görünən odur ki, qablarında var, perspektivli oyunçulardır. Həmin futbolçuları milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində sınamaq fikrimiz var. Hələ bizimlədirlər, tələsmirlər. Gələcəkdə bizə xeyir verə bilərlərmi? Bizi bu maraqlandırır”.
Oktyabrın 2-də keçiriləcək “Səbail” – “Neftçi” matçına saat 19:15-də start veriləcək.
Bizi Facebook-da izləyin