Samir Abasov: “Bəzi üzücü məqamlar var, amma…”
“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Olimpiakos”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, Yunanıstan klubu ilə qarşılaşmadan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk oyundan sonra artıq rəqib haqqında tam olaraq məlumatlıyıq. Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir.
İlk matçda uduzsaq da, cavab oyunundan öncə böyük ajiotaj var. Biz də ümidliyik. İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik, onların ümidini doğruldacağıq. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. Komandamız oyundan-oyuna artıracaq və daha yaxşı səviyyəyə gələcək. Bəzi üzücü məqamlar var. Amma itkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik. Bizi çox maraqlı görüş gözləyir.
“Dinamo” ilə oyundan sonra ot örtüyünün durumu barədə məsul şəxslərlə danışdıq, səbəbini izah etdilər. Bəzi məqam var ki, meydança istirahət etməlidir. Biz burada məşq edirik, bundan irəli gələ bilər. Üstəlik, isti hava şəraitində meydançaya baxmaq da çətindir. İnanıram ki, bundan sonra meydançanın durumu bizim istədiyimiz kimi olacaq. Düzdür, sabahkı oyun tam başqa formatda keçəcək. Amma inanıram ki, hər şey yaxşı olacaq”.
Bizi Facebook-da izləyin