“Şamaxı” rəhbərliyi milliyə təyinatımı çox isti qarşıladı, hətta sevindilər” – MÜSAHİBƏ

Azərbaycanın U-21 millisinin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

U-21-ə baş məsqçi təyin olunmanız “Şamaxı”dakı işinizə mane olmur ki?

– U-21-ə baş məşqçi təyin olunmaq sevindirici haldır. Ölkənin ikinci komandasıdır. Böyük bir məsuliyyətdir, qürurvericidir, sevindirici haldır. Bu təklif gələndə canla-başla dəyərləndirdik. Bilirəm ki, ağır yükün altına girmişik, amma bir azərbaycanlı olaraq bunu etməliyik. “Şamaxı”dakı heç bir işimizə mane olmayacaq. Bilirsiz ki, milli fasilə bir həftə çəkir. Və bu bir həftə ərzində işləri elə quracağıq, hansı ki, Şamaxıda olan köməkçilərimlə eyni millidə olanlar da orada öz işlərini görəcəklər.

“Şamaxı”da milliyə keçməyiniz necə qarşılandı? Narazılıq olmadı ki?

– “Şamaxı” rəhbərliyi milliyə təyinatımı çox isti qarşıladı, hətta sevindilər. İki yerdə işləməyimə çox isti baxdılar. Ümumən, “Şamaxı”da gənc futbolçuların oynamasını həmişə istəyiblər. Bu komanda ilk dəfə Premyer Liqada sırf azərbaycanlılarla çıxış edib. Daha sonra 1-ci liqada çempion olub. Onda da legionersiz oynamışdılar, amma Premyer Liqada mübarizə aparmaq üçün legionerlər lazım idi. Buna baxmayaraq, gənclərin olmasını həmişə çox istəyiblər.

U-21 Türkiyədə iki yoxlama oyunu keçirdi. Moldovanı udduz, Şimali Makedoniya ilə heç-heçə etdiz. Bu oyunlar sizdə hansı təəssüratları yaratdı? U-21-in üzvləri gələcəyə ümid verirmi?

– Yoldaşlıq görüşü idi. Məğlub da ola bilərdik. Amma futbolçularda inam olması üçün qələbə, bərabərlik vacib idi. Futbolçularımız əzmkarlıq göstərdilər, ilk toplanışımız idi. İlk dəfə bir yerdə oynayan oyunçular var idi. Bizi ilk dəfə iş başında görürdülər. Yaxşı fikir yaratdılar, əlbəttə, gələcəkdə artırmaq lazımdır. Güclü rəqiblərlə oynayanda həqiqətən də çətin olacaq. Çox çalışmaq lazımdır. Bunların mütəmadi klublarda oynaması, legionerlərlə rəqabət aparması çox önəmlidir. Buna hazır olmalıdırlar.

Əsas milli komandanın son iki məğlubiyyəti barədə nə düşünürsüz? Oyunları izlədiz? Məğlubiyyətlərdə əksəriyyət futbolçuları günahlandırır. Sizin düşüncələriniz necədir?

– Əsas milli komanda ilə eyni vaxtda oynamışıq. İzləməmişəm. Bu haqda danışmağım düz olmaz.

Mətbuatda sizin əsas millinin baş məşqçi postuna hazırlandığınız barədə fikir yaranıb. Bununla bağlı nə deyə bilərsiz?

– Mətbuat nümayəndələrinə ancaq təşəkkür edə bilərəm. Amma mən U-21-in baş məşqçisiyəm.

U-21-lə Türkiyədə təlim-məşq toplanışında olarkən “Şamaxı”da sizin işlərinizi kim görürdü? Komandanız məşqlərini istədiyiniz kimi keçə bilib?

– Əlbəttə, köməkçilərim burada idi. Bütün məşqlər videogörüntü ilə izlənilirdi və istədiyimiz tempi görmək istəyirdik. Heç bir problem yoxdur. Əsas odur ki, futbolçularımız sağlamdır. Qarşıdakı oyuna hazırlaşırıq.

“Şamaxı” Azərbaycan Premyer Liqasının növbəti turunda çətin “Zirə” səfərinə yollanır. Bu oyundan gözləntiləriniz nədir?

– “Zirə” bu gün Premyer Liqamızın yaxşı komandalarından biridir. Rəşad Sadıqov həqiqətən də yaxşı komanda formalaşdırıb. Komandasını Avroliqaya çıxarmaqla işinin öhdəsindən gəlir. Bu il pley-offa kimi yüksəlmişdilər. “Qarabağ”dan başqa, yerli məşqçimizlə “Zirə”nin belə uğuru sevindirici haldır. Çətin oyun olacaq. “Zirə” həmişə evdə yaxşı oynayır, amma bizə də xallar lazımdır. Bu gün hər xal bizim üçün önəmlidir, qızıla bərabərdir. Çalışacağıq ki, hər oyun necə mübarizə aparırdıqsa, bu matçda da elə edək.

Bu həftə Premyer Liqanın son dövrəsinə start verilir. Komandanız buna hazırdır?

– Finişə yaxınlaşırıq. Ola bilər ki, oyunçularda yorğunçuluq olsun, amma buna öyrəşiblər. Düşünürəm ki, futbolçuların istirahət etməsi üçün milli fasilə də yetərli oldu. Geridə qalan doqquz oyunun hər biri bizim üçün finala bərabərdir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button