“Şamaxı” bəyanat yaydı
“Şamaxı” klubu bəyanat yayıb.
Komanda.az xəbər verir ki, bəyanatda klubun strategiyası və hədəfləri açıqlanıb.
Bəyanatda belə deyilir:
“Şamaxı” 2022-ci ilin iyul ayından etibarən Şamaxı rayonunda yerləşən və hər bir şəraiti olan “Şirvan” otel-kompleksində məskunlaşmışdır.
Rayonda fəaliyyət göstərdiyi 9 ay ərzində maddi-texniki bazanın yaradılması, infrastrukturun qurulması, komandanın müasir avtobus ilə təmin edilməsi istiqamətində bir çox işlər görülmüşdür.
“Şamaxı” Futbol Klubu bu mövsümün əvvəlində yeni strategiya müəyyən edərək yerli oyunçuların üzə çıxarılıb inkişaf etdirilməsi və onların ölkə futboluna qazandırılması istiqamətində çalışmağa başlamışdır. Bu səbəbdən, heyət yalnız gənc və təcrübəli yerli oyunçulardan formalaşdırılmış, mövsümə başlayarkən heyət üzvlərinin 15 nəfəri 23 yaşına çatmamış gənclər olmuş, oyunçuların böyük əksəriyyətinin Premyer Liqa təcrübəsi olmamış, sonrakı aylarda da daha çox gənclərin heyətə cəlb edilməsinə üstünlük verilmişdir. Eyni zamanda, komandanın məşqçi heyəti də ölkə çempionatında debüt etmişdir. Gözlənildiyi kimi, təcrübəli oyunçulardan və səviyyəli legionerlərdən formalaşdırılmış digər komandaların oynadığı çempionatda komandamız böyük çətinliklərlə üzləşmişdir. Ölkənin tanınmış futbol mütəxəssisləri və ekspertləri də mövsüm ərzində bu strategiya ilə uğur qazanmağın çox çətin olacağını dəfələrlə bildirmişlər.
Lakin, komanda daxilində olan məqsədyönlü inkişaf planı, ailə ab-havası, mehribanlıq və əzmkarlıq hesabına bu günə kimi bütün çətinliklərin öhdəsindən gəlməyi bacarmışıq və böyük bir mərhələni-komandanın ilkin formalaşması dövrünü arxada qoymuşuq.
Sevindirici haldır ki, artıq bir neçə futbolçumuz ölkə futbolunda öz adından söz etdirməyə başlamış və ölkənin köklü klublarının maraq dairəsinə düşmüşdür. Mövsüm ərzində komandanın 6 oyunçusu ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının heyətlərinə cəlb edilmiş, onlardan 1 nəfəri isə mütəmadi olaraq əsas millinin heyətinə dəvət almışdır.
Bu mövsüm rəhbərlik tərəfindən məşqçilər korpusunun qarşısında özünəməxsus oyun tərzi olan mübariz kollektiv formalaşdırmaq və Premyer Liqada yerini qorumaq hədəfi qoyulmuşdur ki, komanda üzvləri hal-hazıradək həmin hədəfə nail olmaq üçün əzmlə çalışır və bu hədəfə çatacağımıza inanırıq.
“Şamaxı” artıq yeni bir inkişaf mərhələsinə doğru irəliləmək üçün mühüm addımlar atmaqdadır. Klub rəhbərliyi, məşqçilər və inzibati heyət qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tərtib edilmiş plan üzrə yorulmadan birlikdə fəaliyyət göstərir. Biz yaxın gələcəkdə komandamızın məqsədlərinə çatacağına və ölkə futbolu adına uğur qazanacağına çox inanırıq.
Yerli oyunçuların ölkə futboluna qazandırılması işində komandamıza verdikləri dəstəyə görə azarkeşlərimizə, idman jurnalistlərinə və futbol ictimaiyyətinə dərin minnətdarlığımızı bildiririk və bundan sonra da onların böyük dəstəyinə ehtiyacımızın olduğunu bəyan edirik”.
Bizi Facebook-da izləyin