Çempionlar Turu: Şəhriyar və Teymur 1/4 finala doğru

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində daha 5 tur oynanılıb.

Komanda.az xəbər verir ki, ilk oyun gününü lider kimi başa vuran Teymur Rəcəbov və yarışdaki digər təmsilçimiz Şəhriyar Məmmədyarov ikinci oyun günündə o qədər də uğurlu çıxış etməsələr də, 1/4 final mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şanslarını saxlayırlar.

Seriyanın ümumi hesabında üçüncü pillədə qərarlaşan Teymur, 6-cı turda ABŞ şahmatçısı Hikaru Nakamuraya ilə heç-heçə etdi. Daha sonra Teymur FİDE-ni təmsil edən gənc vunderkind Əlirza Firuzcailə də bərabərə qaldı. Turnirin 8-ci turunda Rəcəbov ardıcıl 3-cü heç-heçəsini etdi. Bu dəfə o, polyak Yan-Kşıştof Duda ilə “sülh bağladı”. 9-cu tur isə Rəcəbov üçün uğursuz oldu. 16 yaşlı Hindistan təmsilçisi Rameşbabu Praqnanadxaa ilə qarşılaşan Rəcəbov, turnirdə ilk məğlubiyyətlə üzləşdi. Günün son qarşılaşmasında isə, Teymur ABŞ şahmatçısı Vesli So ilə bərabərə qaldı.

Turnirdəki digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə, ikinci oyun günündə üç qələbə qazanması ilə diqqət çəkdi. “Şah” altıncı turda ingilis Qeveyn Consla bağladığı “sülh”dən sonra, 7-ci turda rusiyalı Sergey Karyakini məğlub etdi. 8-ci turda isə Məmmədyarov günün ilk və son məğlubiyyətini aldı. Vyetnamlı Le Quan Liem Şəhriyardan üstün oldu. 9-cu turda özünə gələn Məmmədyarov, güclü ABŞ şahmatçısı Leyner Dominqesi məğlub etdi. Günün son qarşılaşmasında isə Şəhriyar Məmmədyarov hindistanlı Vidit Santoşu da məğlub edərək 1/4 final mərhələsinə çıxmaq şanslarını xeyli yüksəltmiş oldu.

Beləliklə, 10 turdan sonra aktivlərində 6 xalları olan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yarış cədvəlinin 4-6-cı pillələrini bölüşürlər. Qeyd edək ki, üç gün davam edəcək qrup mərhələsinin oyunlarından sonra (gündə 5 tur, cəmi 15 tur), ilk səkkiz yeri tutumuş şahmatçı 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Qrup mərhələsinin son oyun gününün oyunları sabah Bakı vaxtı ilə saat 21:00-da başlaycaq. Sabah günün ilk matçında Azərbaycan derbisi oynanılacaq. 11-ci turun çərçivəsində Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər.

“New İn Chess Classic” turniri mayın 2-dək davam edəcək. 16 şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu isə 100 000 ABŞ dolları təşkil edir. “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayında başa çatacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button