Şahin Diniyev: “Sonuncu pillədə olmağımız təzyiq yaradır”
“Psixoloji planda problemlərimiz var. Sonuncu pillədə olmağımız təzyiq yaradır”.
Komanda.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev “Şamaxı”ya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 19-cu tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis bildirib ki, komanda birinci hissədə tam istədiyi oyunu sərgiləməyib:
“İlk yarıda hesabda önə keçsək də, fasilədən sonra hər şey dəyişdi. Sol cinah müdafiəçimiz sıradan çıxdı. Turan Manafovun olmaması üzündən rotasiya edə bilmədik. İkinci hissənin startında komanda sanki sıxıldı, özünəinamı itirdi. Oyunçularımız çox çalışsalar da, alınmadı. Ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır. Problemləri aradan qaldırıb, yolumuza davam edəcəyik. Ümid edirəm ki, getdikcə daha yaxşı oynayacağıq. Zamana ehtiyac var. Düşünürəm ki, ilk 2-3 turdan sonra hər şey öz axarı ilə gedəcək”.
Diniyev qış transfer pəncərəsində yaxşı futbolçular tapa bilmədiklərini söyləyib:
“Yalnız bir oyunçu ilə kifayətləndik. Daxili bazarda istədiyimiz iki futbolçu var idi. Sadəcə, klubları buraxmadı. Təklif olunan əcnəbilər isə çox zəif idi. Legioner yerli oyunçudan fərqlənməlidir. Həmin fərqi görmürəmsə, onu komandaya götürməyi lazım görmürəm”.
Baş məşqçi zədəlilərin durumuna da toxunub:
“Ruslan Hacıyev hardasa 1,5 aylığına sıradan çıxıb. Ağabala Ramazanov 10 günə, Turan Manafov isə 2-3 həftəyə qayıda bilər. Həkimlər səylə çalışırlar”.
Bizi Facebook-da izləyin