“Səbail”in büdcəsi Premyer Liqanın bir çox klublarından qat-qat aşağı idi” – MÜSAHİBƏ

“Səbail”in baş məşqçisi Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:

  • Komandanızın yeni mövsümə hazırlıq planı barədə məlumat verərdiz.
  • Hazırlıqlara iyunun 26-dan, Bakıda başlayacağıq. Gələn ayın 5-dən 18-nə kimi isə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olacağıq. Həmçinin, yoxlama görüşləri planlaşdırmışıq. İyulun 11-də “Ərzurumspor”, 13-də isə “Hatayspor” komandaları ilə yoxlama görüşləri nəzərdə tutulub.
  • Yay transfer pəncərəsində komandanıza yeni oyunçular qoşulacaq? Ümumiyyətlə, daha çox hansı mövqeyə oyunçu qıtlığından əziyyət çəkirsiz?
  • Çox təəssüf ki, klubun büdcəsinin aşağı salınması ilə əlaqədar bəzi futbolçuları komandada saxlaya bilmədik. Yüksək ödənişli futbolçular var idi, hansılar ki, bizdə “artırmışdılar”. Bir çox oyunçular maliyyə ilə bağlı komandadan ayrıldılar. Komandada təxminən 10 futbolçu qalacaq. Həm yerli, həm də legioner – daha 13 oyunçu komandaya qoşulacaq.
  • Rəhbərlik yeni mövsümdə qarşınıza hansı hədəfləri qoyub?
  • Rəhbərlik qarşımıza məqsəd qoymayıb. Komanda halında yığışıb təlim-məşq toplanışı keçdikdən sonra qarşımıza hansısa məqsəd qoyulacaq.
  • Mətbuatda “Səbail”in kifayət qədər büdcəsinin olduğu bildirilir. Amma buna baxmayaraq, komandanız avrokuboklardan kənarda qalır. Komandanın avrokuboklarda iştirakına nə mane olur?
  • Mətbuatda yazılanların 90 faizi yanlışdır. “Səbail”in büdcəsi o qədər də böyük deyil və bu, hamıya aydındır. Böyük büdcəmiz olsaydı, biz də qarşımıza avrokuboklara çıxmağı məqsəd qoyardıq. Lakin bu belə deyil. Komandanın qarşısına 6-7-ci yerləri tutmaq hədəfi qoyulmuşdu. Yanlış məlumatlar insanları başqa yerlərə aparır. “Səbail”in büdcəsi Premyer Liqanın bir çox klublarından qat-qat aşağı idi.
  • “Səbail”lə müqaviləniz hansı müddətə nəzərdə tutulub və bu komandayla uzun müddət çalışmaq istəyirsizmi?
  • Müqaviləm bir il uzadılıb və gələn ilin iyunun 30-na qədər davam edəcək.
  • Keçmiş futbolçu Zaur Ramazanov qardaşı Ağabalanın komandanızdan ayrılmasından sonra sizin haqqınızda xoşagəlməz fikirlər bildirmişdi…
  • Bu suala cavab vermək istəmirəm.
  • Milli komandanın baş məşqçi postuna Fernandu Santuşun təyin edilməsini necə dəyərləndirirsiz? Sizcə, 70 yaşlı mütəxəssisin yetəri qədər enerjisi olacaqmı ki, milli komandaya faydalı olsun?
  • Təcrübəli məşqçidir. Bu gün hər kəs yaşı önə çəkir, yaş önəmli deyil, əsas başdır. Onun qarşısına 90 dəqiqə oynamaq kimi bir tapşırıq qoyulmayıb ki, enerji məsələsini önə çəkəsiz. Məşqçi nə fiziki hazırlıqla, nə də texnikayla məşğuldur. Komandanı taktiki hazırlayır və rəqibi təhlil edir. Mən həmişə demişəm və yenə də deyirəm ki, problem baş məşqçidə deyil. Fernandu Santuşdan böyük bir şey gözləmək, Azərbaycan millisini final mərhələlərinə çıxarmasını tələb etmək yanlışdır. Millinin başında kim olursa olsun, onu dəstəkləməliyik və uğurlar arzulamalıyıq.
  • Türkiyənin 1-ci liqasında (“Ümraniyəspor”) çıxış edən oğlunuz Coşqun Diniyevin son mövsümdəki çıxışından razı qaldız? Hələ Azərbaycana qayıtmaq istəmir?
  • Coşqun yaxşı bir mövsüm keçirdi. Hazırda istirahətdədir. Millidən sonra zədə almışdı, ona görə, həm zədəsini sağaldır, həm də dincəlir. Düşünürəm ki, karyerasını gələn il də xarici ölkədə davam etdirəcək. Yəqin ki, iyulun 1-dən sonra qərar veriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button