Şahin Diniyev: “Mən gözəl oyunu yox, nəticəni seçərdim”
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 21-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Belə hesabdan sonra danışmaq çətindir. Psixoloji gərginliyi üzərimizdən ata, rahat oynaya bilmirik. Futbolçular təzyiq altındadır. Matçın əvvəlində fərdi səhvlərdən qol buraxdıq. Belə komandaya qarşı geridönüş etmək çətindir. “Sabah” hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biri, bəlkə də, birincisidir. Qapımızda erkən qollar gördük. Fasilədə futbolçularla danışdıq və dedim ki, oynamaq lazımdır. İkinci hissədə istədiyim futbolu görə bildim. Bu, gələcəyə nikbin baxmağa imkan verir. Belə oynaya bilsək, qarşıda oyunlarda yaxşı nəticə əldə edə bilərik. Ötən oyun “Kəpəz” bizdən yaxşı oynadı, amma biz qələbə qazandıq. Sual versələr ki, gözəl oyun, ya nəticə? Nəticəni seçərdim”.
O, Rahid Əmirquliyevin qırmızı vərəqə aldığı epizodla bağlı bunları söyləyib: “Rahid sakit futbolçudur. Ehtiyatsızlıqdan qırmızı vərəqə aldı. İki oyunçunun mübarizəsi idi. İstəmədən belə bir qayda pozuntusu etdi”.
“Səbail”in çalışdırıcısı heyətdə itkilər olduğunu qeyd edib: “İlk dəqiqələrdə sadə və müdafiədə etibarlı oynamaq istəyirdik. Rəqibin təzyiqinin qarşısını almağı düşünürdük. Erkən qollarda fərdi səhvlərimiz oldu. Özümüz özümüzə iki qol vurduq. Heyətdə 6 itki var. Bu zaman dəyişikliklər etmək də çətin olur. Bu vəziyyətdə geridönüş etmək çətindi. Yaradıcı oyunçu tapa bilmədim ki, irəlidə geridönüş yarada bilsin. Zədəlilərimizin qayıtması komandanı daha güclü edəcək. Qısa zamandır birlikdəyik. Tez bir zamanda hər şeyi aşılamaq çətindir. Boşluqlarımız var, onları doldura bilmirik. Legioner gətirib, yalandan otuzdurmaq da düzgün deyil. Hücumda yaradıcılıq çatışmır. Qış transfer dönəmində yaxşı futbolçu gətirmək çətindir. Son günə qədər çalışacağıq. Bir mövqe var ki, məni çox narahat edir. Son günlərdir, həll etməyə çalışacağıq”.
Mütəxəssis komandaya yeni qoşulan David Qomisin çıxışını belə dəyərləndirib: “Hələ tam hazır deyil. Sürəti, driblinqi var. Bu cəhətlərindən razıyam. Onu transfer etməklə düzgün seçim etmişik. Ümidlərimizi doğruldur”.
Diniyev “Səbail”in əsas məqsədinin kubokda uğur qazanmaq yox, Premyer Liqada qalmaq olduğunu bildirib: “Premyer Liqanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm. Həm kuboka, həm çempionata eyni tərzdə yanaşacağıq”.
Bizi Facebook-da izləyin