Şahin Diniyev: “İddiasız oynamağa dəyməz” – MÜSAHİBƏ

Son mövsüm başa çatdıqdan sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların qarşıdakı mövsüm üçün hazırlıqları start götürüb. 2022/23 mövsümünü 9-cu pillədə başa vuran “Səbail”də də işlər davam edir. Artıq paytaxt təmsilçisini tərk edən xeyli sayda futbolçu və bir neçə yeni transfer də var. “Dənizçilər”in baş məşqçisi Şahin Diniyevlə klubun yay planları, transfer məsələləri ilə bağlı danışdıq:

  • Artıq 2022/23 mövsümü sona çatdı. Qarşıdakı mövsümə hazırlıq üçün komandanızın təlim-məşq toplanışı ilə bağlı hansı planları var?
  • Təlim-məşq toplanışı ilə bağlı ilk olaraq bunu deyə bilərəm: iyulun 1-də Bakıda yığışmaq fikrimiz var. Ondan sonra xarici ölkəyə səfərimiz gözlənilir. Yəqin ki, Türkiyəyə yollanacağıq. Onun vaxtı hazırda bəlli deyil. Orada çoxlu komandalar olmalıdır ki, biz oyun planına düşə bilək.
  • Heyəti gücləndirmək üçün transferlərlə bağlı araşdırmalara start verilib?
  • Əlbəttə, heyəti gücləndirməklə bağlı araşdırmalar başlayıb. İlk olaraq yerli futbolçularla danışıqlar aparırıq. Bir neçəsi ilə müqavilə imzalamışıq. Məsələn, Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə. Bu həftə bir neçə yerli futbolçu ilə də güclənəcəyik. Hardasa, 6-7 yerli oyunçu ilə sözləşmə imzalayacağıq. Komandada qalan futbolçular da var.
  • Komandanı tərk edəcək başqa futbolçular olacaq?
  • Komandanı tərk edən oyunçular artıq bəllidir. Bilirsiz, mətbuatda da bu barədə xəbərlər yer alır.
  • “Şamaxı” ilə matçdan sonra “Səbail” rəhbərliyi ilə görüşünüz oldu? Gələcək planlar barədə onlarla danışıqlar aparmısız?
  • Əlbəttə, rəhbərliklə görüşümüz baş tutdu, gələcək planlar haqda müzakirələr aparıldı. Görüşdə həm klubun prezidenti, həm idarə heyəti, həm də, müşahidə şurası iştirak etdi. Komandada kimin qalıb-qalmaması ilə bağlı mən öz planlarımı təqdim etdim. Rəhbərlik tərəfindən bu məsələyə “yaşıl işıq” yandırıldı.
  • 2022/23 mövsümü “Səbail” üçün gərgin keçdi. Komandanın “sükan”ı sizə həvalə edildikdən sonra ən çox sevindiyiniz və üzüldüyünüz matçlar hansılar olub?
  • Çox maraqlı məqamdır ki, həm ən çox sevindiyim, həm də, ən çox üzüldüyüm matçlar “Şamaxı” ilə keçirdiyimiz oyunlardır. Birinci dövrənin ilk oyununda Şamaxıda əsas vaxtın sonuna əlavə edilmiş üçüncü dəqiqədə qol buraxdıq. Buna görə çox üzüldüm. Həmin oyunda komanda uduzdu. Ən çox sevindiyim isə 36-cı turda, “Şamaxı” ilə oyunda qələbə qazandığımız görüş oldu. Özümə görə yox, “Səbail” ailəsi adına sevincli idim.
  • Növbəti mövsümdə daha iddialı çıxış edəcəyinizi demişdiz. Bunu dedikdə avrokuboklara vəsiqə qazanmağı nəzərdə tuturduz?
  • Elədir, iddiasız oynamağa dəyməz. Dediyimiz sözün arxasında dururuq. Çalışacağıq ki, yaxşı komanda quraq və iddialı çıxış edək. Geridə buraxdığımız mövsümdəki acını yenidən yaşamaq istəmirik. Hansı pilləni tutmağı dedikdə isə, öncə biz ilk altılığa düşməli, ondan sonra hərəkət etməyə çalışmalıyıq. İlk məqsəd ən azı altılığa düşməkdir.
  • Növbəti mövsüm üçün klubun büdcəsində artım ola bilər?
  • Mənim fikrimcə, klubun büdcəsi normaldır, dediyim məqsədlərə çatmaq üçün yetərlidir.
  • Növbəti mövsümdən Premyer Liqada 12 komanda çıxış edə bilər. Sizin buna münasibətiniz necədir?
  • Premyer Liqada 12 komandanın çıxış etməsi ilə bağlı ilk fikri mən səsləndirmişəm. Bunu əsaslandırmışam. Elitada 12 komanda olsa, daha yaxşı olar. Həm “Şamaxı”nı, yerli futbolçuları itirmərik, həm də, çempionat daha maraqlı olar. “Şamaxı”nın Premyer Liqada qalması, “Araz Naxçıvan”ın və “Zaqatala”nın elitaya vəsiqə qazanması region təmsilçilərinin Bakı klublarını say hesabı ilə üstələməsi deməkdir.
  • “Səbail”ə mövsümün gedişində yox, əvvəlində gəlsəydiz, nəticə fərqli ola bilərdi?
  • Deməzdim. Bu, qismətdir. Əvvəl də gəlsəydim, nələrin baş verəcəyini Allahdan başqa heç kim bilməzdi. Hər şeyə rəğmən, ikinci dövrədə 19 xal topladıq. Bu, komandanın uğurudur.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button