Şahin Diniyev: “Bütün məsuliyyəti De Byazinin üzərinə ataq? Bəs qalanları?”

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsinin ilk iki turunda böyükhesablı məğlubiyyət yaşadı. Yığma komanda Avstriya ilə matçda 1:4, İsveçlə qarşılaşmada isə 0:5 hesabı ilə uduzdu. Qeydə alınan nəticələrdən sonra azarkeşlərin çoxu, bəzi jurnalistlər mövcud problemin millinin baş məşqçisi Canni De Byazi ilə bağlı olduğunu bildirirlər.

Məsələ ilə bağlı milli komandanın keçmiş baş məşqçisi, “Səbail”in çalışdırıcısı Şahin Diniyev Komanda.az-a açıqlama verib. Diniyev problemin yalnız baş məşqçidə olmadığını vurğulayıb:

“Azərbaycan millisi haqda çox danışıqlar gedir. İnsanlar bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Hamımız problemi deyirik, qabardırıq, amma həll yolunu deyən yoxdur. Məsələ də elə sırf bununla bağlıdır. Məncə, biz 1992-ci ildən bəri problemi baş məşqçidə görürük. Bu, mənim şəxsi fikrimdir. Problemi millinin çalışdırıcısında axtarırıq və əvəzləmələr edə-edə gedirik. Gəlin, belə deyək də: sürücünü dəyişirik, amma avtomobilə əl vurmuruq. Problem isə orada deyil, tam başqa yerdədir. Bir daha deyirəm: bir məşqçi köklü və ya köksüz komandanı müsbət, ya da mənfi istiqamətə doğru aparacaq. Bu, 10 faizə bərabər göstəricidir. Məşqçilər də səhv edə bilər: heyət, oyun, taktiki cəhət baxımından. Ancaq o qədər də yox”.

Diniyev hesab edir ki, yığma komandanın baş məşqçisini dəyişməklə nəyəsə nail olmaq mümkün deyil:

“Kimliyindən asılı olmayaraq, bu gün bizim problemimiz baş məşqçidə deyil. Biz 30 ildir problemi məhz orada axtarırıq. Elə 30 il də orada axtarmağa davam edəcəyik. Çox şey dəyişməyəcək, başqa məşqçinin gəlməsi 10 faiz müsbət irəliləyişə səbəb ola bilər. Ya 4 xal, ya da 5 xal qazana bilərik. Yaxşı halda 4-5 xal, pis halda isə 1 xal. Böyük dəyişikliklər etmək üçün qlobal və kompleksli dəyişikliklərə ehtiyac var. Bu məqamlar piramidanın ən uc nöqtəsidir və bütün problemlər də orada özünü göstərir.

Böyük komandalar səhvləri bağışlamır. Onlar xırda səhvlərdə millimizi cəzalandırırlar. Bu sarıdan bizim işimiz yalnız baş məşqçi ilə bağlı deyil. Futbolçular, uşaq futbolu, klub komandaları – bunların hamısı təkcə bir yerdən asılı deyil. Qeyd etdiyim məsələlər bütövlükdə həll olunmalıdır. Uşaq futbolundan başlayaraq, klubda futbolçuların sayının artması, aşağı yaş qruplarının təşkil edilməsi və s. Bunlar hamısı ən sonda gəlib millinin başında çartlayır. Canni De Byazini söyməyin, döyməyin tərəfdarı deyiləm. Bütün məsuliyyəti De Byazinin üzərinə ataq? Bəs qalanları? Futbolla məşğul olan o qədər qurumlar, o qədər şəxslər var ki… Bəs onlar niyə məsuliyyət daşımırlar? Hər şeyi baş məşqçinin üstünə atmağa nə var? Doğrudur, futbolda məğlubiyyət yaşandıqda məsuliyyəti baş məşqçi daşıyır. Bu, aydındır. Ancaq biz ona qədər olan məsələlərə baxmırıq axı. Dediyim kimi, 1992-ci ildən bəri problemi baş məşqçidə axtarırıq və hələ də buna davam edirik. Bu, çox ağrılı və düşündürücü məsələdir”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button