Sadıqovun “edam”ı
Rəşad Ergün
Qurban Qurbanovla “CBC Sport”un əməkdaşı arasındakı gərginliklə bağlı gecikmiş qeyd.
APOEL-lə oyunun gərginliyini, bu oyunadək də Rəşad Sadıqova yönələn tənqidləri, bu tənqidlərdən Qurbanovun da xəbərdar olduğunu nəzərə alsaq, mətbuat konfransında adi bir sualın pambıq tayasına kibrit vururmuş kimi təsir etməsini anlamaq olar. Yəni, ya Qurbanov üçün bu sual Rəşad mövzusunda bardağı daşıran son damla idi, ya da… Ya da “CBC Sport”un elə həmin Qurbanova milli komanda ilə hörmətsizlik etmiş AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətində olduğunu Qurban Qurbanov da çox yaxşı bilir.
Amma… Jurnalist lap “Ermənistanın səsi”, “Hayların nəfəsi” qəzetindən olsun, media nümayəndəsinə hörmət etmək hər kəsin borcudur. Mən Elxan Məmmədovdan, onun əlaltılarından bütün jurnalistlərə, mediaya obyektiv yanaşmağı, ayrı-seçkilik etməməyi tələb edirəmsə, bunu çox hörmətli Qurban bəydən də, başqalarından da istərəm. O başqa məsələ ki, işi-gücü Rəşad Sadıqovu ələşdirmək olan, vaxtı ilə milli komandanın uduzduğu oyunlarda da günahı Sadıqovda görən jurnalistlərə qarşı səbrli, dözümlü olmaq çətindir. Hətta cari seçmə mərhələdəki oyunları göz önünə gətirib, “ağıl küpləri, milli komandanızın tarixi ərzindəki ən rüsvayçı nəticəyə – 1 xala görə də Rəşad Sadıqovu günahlandırın da, niyə günahlandırmırsız?” deyərdim. Deyərdim, özumdən çıxardım. Mən baş məşqçi deyiləm, klub rəhbəri deyiləm, amma etiraf edim, bəzi həmkarlarımın mənasız suallarına, məntiqsizliyinə, savadsız yazılarına, yanaşmalarına özümdən çıxdığım anlar az olmur. İndi futbolu az-çox bilən, özünə hörmət edən məşqçilər, klub rəsmiləri nə çəkir, bunu da anlamağa çalışıram.
Yəni… nəhayət… Qurbanov jurnalistin sualına bir az əsəbi tonda cavab verməməli idi. Məncə, qarşı tərəf də Qurbanov onların ətini kəsibmiş kimi reaksiya verməməli idi.
Belə…
Bizi Facebook-da izləyin