Sabir Buqrin: “Çempion olmaq elə də asan deyil”

“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin klubun rəsmi televiziyasında yayımlanan “Akademiya gündəliyi” verilişinin qonağı olub.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi öz çıxışı barədə bunları söyləyib:

“Orta sahə oyunçusu olduğumdan, özümü sırf hansısa futbolçuya bənzətmirəm. Çempionlar Liqası, böyük komandaların matçlarına baxdıqda öz mövqeyimdə çıxış edən futbolçuların oyun üslubundan nə isə öyrənməyə çalışıram. Sərbəst oynamaq üçün öz üzərində daim çalışmaq, oyun üslubunu başa düşmək və ən əsası, özünəinam lazımdır. Oyununla özünü və ailə üzvlərini xoşbəxt etməli, hər zaman meydandakı çıxışından həzz almalısan”.

Buqrin karyerasında ən baxımlı qolunu Avropa Liqasının 3-cü təsnifat mərhələsində Bakıda Finlandiyanın HJK komandasına vurduğunu söyləyib:

“Həmin qol özümə də xoş gəldi. Azarkeşlər daha çox qolu görürlər. Onadək olan hərəkətlərə də baxmaq lazımdır. Çünki hamısı özlüyündə çox gözəl alındı”.

Buqrin futbolda ilk addımlarımı atanda İspaniya “Barselona”sında oynayacağını xəyal etdiyini deyib:

“Arzularım böyük idi. Yaxşı futbolçu olmaq istəyirsinizsə, daha çoxunu istəməlisiniz. Kiçik şeylərlə kifayətlənməyin. Futbolçu olduğum üçün ilk növbədə, Allaha minnətdaram ki, mənə sağlam can, düşüncə verib. İkincisi, valideynlərimə təşəkkür edirəm. Atam hava şəraitindən asılı olmayaraq, hər zaman məni məşqə aparırdı. Anam isə paltarlarımı yuyurdu ki, növbəti məşqə təmiz forma ilə gedim”.

O, “Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz” sualına isə belə cavab verib:

“Yəqin ki, atamla hər hansı işdə çalışardım. Amma mənim üçün futboldan gözəl peşə yoxdur. Qollarımla ailəmi sevindirir, onları xoşbəxt edirəmsə, bundan yaxşı nə ola bilər?”

Buqrin karyerasını başa vurduqdan sonra özünü baş məşqçi kimi görmədiyini bildirib:

“Bu iş mənim üçün çətin olar. Amma köməkçi-məşqçi və skaut işləyə bilərəm”.

Yarımmüdafiəçi öz möqeyindən başqa hücum xəttində də oynamağı sevdiyini etiraf edib:

“Yarımmüdafiəçi olmasaydım, hücumda çıxış edərdim. Çünki ön xətdə oynayan futbolçular daha çox pul qazanır”.

Mərakeş əsilli oyunçu bu mövsüm “Neftçi”nin qarşısında duran əsas hədəfi də açıqlayıb:

“Məqsədimiz çempionluqdur. Əslində bu, elə də asan iş deyil. Çempion olmaq üçün bir ailə kimi mübarizə aparmalısınız. Meydana kimin çıxmasından asılı olmayaraq, hər birimiz sonadək vuruşmalıyıq. Ehtiyatda oturanlar da hər zaman meydana çıxmağa hazır olmalıdır”.

Buqrin birlikdə oynamaq istədiyi futbolçuların adlarını da çəkib:

“Ronaldinyo, Zinəddin Zidan və Lionel Messi ilə eyni komandada çıxış etmək istərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button