“Klublarımız futbolçulara artıq maaş verməklə onların Avropaya getməyinin qarşısını alır” – Müsahibə
Sabiq FİFA referisi, Avropa Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin təlim-təhsil qrupunun rəhbəri və Dünya Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Əfqan Həmzəyevin Komanda.az saytına müsahibəsi:
- Əfqan bəy, Azərbaycan milli komandasının DÇ-2022-də Portuqaliya və Serbiyaya, yoxlama görüşündə isə Qətərə qarşı keçirdiyi matçla bağlı fikirləriniz nədir?
- Qətərlə oyun yığmanın nəticələri üçün meyar ola bilməz. Çünki bu oyun nə qədər kobud səslənsə də, nəticəyə girməyən oyundur. Özünüz də gördüz ki, baş məşqçi Canni De Byazi də fərqli heyətlə meydana çıxdı, millidə debüt edən futbolçulara şans verdi. Buna görə bu matç meyar ola bilməz. Düzdür, Portuqaliya ilə oyunda 90 dəqiqə müdafiə olunduq, hücum edə bilmədik. Millidə nəsildəyişmə prosesi gedir, yeni baş məşqçi öz sistemini komandaya aşılamaq istəyir. Belə nəticələri onsuz da gözləyirdik. Serbiya ilə Bakıdakı oyunda da komanda əlindən gələni etdi. Hesabı da bərabərləşdirə bilmişdik, oyun həmin an normal gedirdi. Serbiya yığması futbolçularının fərdi keyfiyyətləri hesabına qələbə qazandı. Aleksandar Mitroviçin o iki zərbəsindən başqa, serblərin də siz deyən, çoxlu hücumları olmamışdı. Bizim millimiz qapısında çox da təhlükəli epizodlar görmədi. Serbiya yığması əlinə düşən əlli faizlik hücumları yüz faiz dəyərləndirə bildi. Hesab edirəm ki, bu nəticələr normaldır. Çünki qrupdakı ən güclü iki komandaya qarşı oynamışıq. Bizim hələ oyunlarımız çoxdur, dişimizə görə rəqiblər var. Onlarla oyunda millimizi dəyərləndirmək olar. Portuqaliya və Serbiya ilə mübarizə aparmaq üçün o səviyyəmiz yoxdur. Və onlar dünya futbolunda öz sözünü deyən yığmalardandır.
- Canni De Byazinin öz sistemini aşılamaq istədiyini dediz. Ümumilikdə, italyan mütəxəssis yığmaya gələndən nəyi dəyişə bilib?
- De Byazi axtarışdadır, yəni komandanı qurmaq üçün yeni simalar axtarır. Futbolçularda intizam dəyişib. Komanda yeni formalaşır. Canni De Byazinin qarşısında olan vəzifələrdən biri futbolçuların fərdi keyfiyyətini artırmaqdır. İstəyir ki, meydanda vahid komanda şəklində mübarizə olsun. Onlara öz taktikasını aşılaya bilsin və bununla da, oyun qurub, nəticələrə nail olsun. Təbii ki, o gələndə heç kim elə də güclü nəticə gözləmirdi. Çünki hamımız millinin gücünü və futbolçuların səviyyəsini bilirik. Heç kim iddia etmirdi ki, Byazi gələndən sonra qrupdan lider çıxacağıq. Püşkdə də güclü rəqiblər düşdü. De Byazinin gəlişindən sonra dəyişən heyətdəki yeni-yeni futbolçulardır. Layiq olanlar yığmaya çağırılıb.
- Yığmanın heyəti açıqlananda De Byazinin seçimləri birmənalı qarşılanmamışdı. Sonra da Serbiya ilə matçda Namik Ələskərov heyətə salınmamışdı…
- Bu, baş məşqçinin seçimidir və buna hörmət etməliyik. Bu dəfə çağırılmayan futbolçular gələcəkdə millidə ola bilərlər. Hər bir baş məşqçi öz taktikasına uyğun olan futbolçular çağırır. Namik Premyer Liqanın bombardiridir. Heyətə salınmaması baş məşqçinin qərarıdır və buna görə məsuliyyəti o daşıyır. Düzdür, bəzi azarkeşlər, xüsusilə də, “Neftçi” azarkeşləri Namikə görə onu qınaya bilər. Lakin seçim baş məşqçinindir. Mən onu qınamıram. Çünki bir bildiyi var ki, heyətə salmadı və cavabdeh də odur. Namik pis futbolçu deyil və “Neftçi”nin əsas futbolçularındandır. Hər kəsin öz vaxtı var. Baş məşqçi kimi nə vaxt məsləhət bilsə, onda yığmaya çağıracaq. Mən burda problem görmürəm.
- Belə bir iddia var ki, futbolçular milliyə sifarişlə dəvət olunur. Bu haqda nə deyə bilərsiz?
- Məndə belə bir informasiya yoxdur və bunun olacağına inanmıram. Milliyə necə sirafişlə oyunçu çağırıla bilər? Mən belə şayiələrə inanmıram. Yəni oyunçu öz komandasında özünü yaxşı futbolçu kimi göstərirsə, o çağırılıb. Düşünürəm ki, heyətə baxdıqda, qıraqda qalan futbolçu yoxdur. Heyət baş məşqçinin öz seçimidir və buna hörmətlə yanaşmalıyıq. Sifarişlə çağırılsa da, çağırılmasa da, hər şeyə cavabdeh olan baş məşqçidir. Mən inanmıram ki, milliyə sifarişlə oyunçu çağırılır.
- Əfqan bəy, nəticələrə görə AFFA rəhbərliyi də kəskin tənqid olunur. Siz nə düşünürsüz? Problemin qaynağı nədədir?
- Ümumiyyətlə, bütün milli komandaların nəticələrinə birbaşa cavabdeh olan, əlbəttə ki, federasiyadır və onun tənqid olunmasını normal qarşılayıram. Amma tənqidin də ayarı, səviyyəsi, necə deyərlər, meyarı olmalıdır. Tənqid də düşünülmüş, incələnmiş olmalıdır. Yəni tənqid xətrinə tənqid etmək olmaz. Mən bunun tərəfdarı deyiləm. Dünyanın hər bir yerində tənqid də var, tərif də var, amma yerində, dozasında. Mən burda klubları günahlandıra bilərəm ki, futbolçular ordan gəlirlər. Ən büyük problem klublardadır. Futbolçular klublardan hazırlıqsız gəlirlər və yaxud da fiziki durumları normal olmur. Yəni müxtəlif taktiki-texniki sistemdə oynayan futbolçular milli komandada bir araya gəlirlər və burda maksimum bir həftə, on gün onların vaxtı olur ki, birlikdə vaxt keçirsinlər, başqa bir baş məşqçinin sisteminə uygun futbol oynasınlar. Bunlar hamısı təbii olan şeylərdir. Yenə deyirəm, nəsildəyişmə gedir və bu nəticələri biz gözləyirdik. Belə güclü komandalarla bu nəticələri mən hətta normal sayıram. Portuqaliya ilə matçda daha büyük hesabla uduzmağımızı gözləyirdim, amma komandamızın 0:1 hesabıyla məğlubiyyətini normal qarşılayıram. Və bəli, burda klublar tənqid olunmalıdır. Klublardan gələn hazırlıqsız futbolçular tənqid olunmalıdır. Mən bunu nəzərdə tuturam. Yəni “Sabah” klubunda hansı hücumçu Ramil Şeydayevdən daha güclüdür ki, Şeydayev orda ehtiyatda oturur? O, milli komandamızın əsas hücumçularından biridir. Bunları sorğulamaq lazımdır, bunları tənqid etmək lazımdır. Jurnalistlərimiz hərəsi bir tərəf tutubdur. Birisi o klubun, birisi bu klubun tərəfdarıdır. Birisi federasiyanın tərəfdarıdır, birisi federasiyaya qarşıdır. Onlar bu iddialarına yenilib, tənqid edirlər. Yox, haqqı tənqid etmək lazımdır, nahaqqı demək lazımdır və hər şeyi də doğru demək lazımdır. Yenə deyirəm, tənqid xətrinə tənqid etmək olmaz. Mən bunun tərəfdarı deyiləm. Bəli, milli komandaların nəticələrinə federasiya cavabdehdir. Mən bunu normal sayıram. Nəticə olmayan yerdə tənqid də olur. Dünyanın hər yerində olur. Tək Azərbaycana uygun bir şey deyil.
- Niyə az büdcəli Ermənistan, Gürcüstan yığması yaxşı nəticə əldə edə, yaxşı futbol nümayiş etdirə bilir, ancaq biz yox?
- Yenə deyirəm, bizim ən böyük problemimiz klublardadır. Klublardakı futbolçular o qədər yaxşı maaş alırlar ki, adicə Avropaya gedib-gəlməyə, canlarına, bədənlərinə əziyyət verib, orda futbol oynamaq istəmirlər. Niyə? Çünki evinin içində, qapısının ağzında 200, 300 min maaş alırlar. Hansı ki, bu, oynadıqları futbola dəymir. Mən onların aldığı pulu saymıram, necə deyərlər, onu hesablamaq fikrində deyiləm. Amma oynadıqları futbol aldıqları pula dəymir. Mən bunu demək istəyirəm. Kim məndən inciyir, qoy incisin. Bizim çempionatımızda oyunçular Gürcüstandakı kimi 2000, 3000 lari alsaydılar, onların motivasiyası olardı ki, Avropaya gedim, daha yüksək maaşa oynayım, daha səviyyəli klubda oynayım və daha səviyyəli futbolçu olum. Bizdə isə futbolçular artıq səviyyə barədə fikirləşmirlər, onlar fikirləşirlər ki, bəsdir, artıq bizim səviyyəmiz bura qədər bəllidir, bu, oynamağa yetər də, artar. Aldığım maaş – 150, 130 min mənim üçün kifayətdir. Azərbaycanın bugünki reallığında bu pul hətta həddindən artıqdır. Və onların heç bir motivasiyası yoxdur ki, Avropaya gedib futbol oynasınlar. Heç bir motivasiyası yoxdur! Ora getsə, əziyyət çəkməlidir, gecə-gündüz məşq etməlidir, heyətə düşməlidir, özünü göstərməlidir. Bu, onların nəyinə lazımdır ki? Burda futbolçular qazandığı pulla, jurnalistlərlə orda-burda özü üçün saxta bir imiclər formalaşdırırlar. Və artıq milli yığma komandada özlərini toxunulmaz hesab edirlər. Klublarda da öz yerlərini möhkəmlədirlər. Beləliklə də, pul qazanıb futbol oynayurlar. Onlar üçün artıq Avropa maraqlı deyil. Onlara ölkə xaricinə getmək maraqlı deyil. Bizim ölkəmizdə də onlar az maaş alsaydılar, onların Avropaya getmək həvəsi olardı. Düşünərdilər ki, mənim amalım ancaq və ancaq Avropa, dünyanın başqa yerinə getmək olmalıdır. Düşünməlidirlər ki, futbol oynamalı, özümü göstərməliyəm, milli komandaya düşməliyəm. Ən sadə yolu seçiblər. Ən çətin yol isə zirvəyə aparan yoldur. Belə davam etsə, bizim futbolçuların heç vaxt o yuxarı zirvəsi olmayacaq. Çünki o zivəyə can atmırlar. Zirvəni öz ağıllarında, öz düşüncələrində formalaşdırıblar. Hesab edirlər ki, o zirvəyə çatıblar və bu, onlar üçün kifayətdir. Bundan o yanası onlar üçün ehtiyac deyil. Onlar qapılarının ağzında, evlərinin içində, Azərbaycanda kifayət qədər pul qazanırlar, nələrinə lazımdır ki, Avropada oynasınlar? Kimə lazımdır, nəyinə lazımdır? Evinin içində qazanır da o pulu. Amma gürcülərin, ermənilərin ehtiyacı var. Çünki onlar öz çempionatlarında qəpik-quruş alırlar. Onların artıq arzusu, istəyi olur. Onlar can atırlar, gecə- gündüz məşq edirlər. Həm pul, həm də imic qazanırlar. Həm də ki, öz milli yığma komandalarında səviyyəli futbollarını gəlib göstərə bilirlər. Onların düşüncələri, məntiq, təfəkkürləri tamam başqadır. Bizim beynimiz dəyişməlidir. Düşüncəmiz, fikrimiz dəyişməlidir. Futbola baxış bucağımız dəyişməlidir. Bu dəyişməsə, heç bir federasiya, heç bir klub, heç kəs Azərbaycanda futbolu düzəldə bilməyəcək. Bunu biləsiz. Mental düşüncəmiz dəyişməlidir. Yoxsa elə komada uduzdu, gedək, federasiyanı tənqid edək, bu, ən sadə yoldur. Axı problemin kökünü tapmaq lazımdır ki, niyə futbolçularımız oynamaq istəmir? Niyə ildə bir məşqçi dəyişirik, amma futbolçularımız yenə yerində sayır? Bax, bunun kökünü axtarıb, tapmaq lazımdır. Bu tapılmadıqca heç kimi boş yerə tənqid etmək olmaz. Mən bunun heç vaxt tərəfdarı olmamışam.
- Bəs nə etmək lazımdır ki, bu düzəlsin? Maaşlar azaldılmalıdır, ya nə edilməlidir?
- Get-gedə klublarda oynayan futbolçuların maaşlarına baxılmalıdır. Oyunçu dəyərinə, oynadığı futbola görə pul almalıdır. Bu düzəlməsə, sonsuza qədər belə davam edəcək. Federasiya da klublara müəyyən maaş limiti tətbiq etməlidir. Dünyanın bir çox ölkəsində də var. Klublarda olan maliyyə məsələləri açıq olmalıdır. Klubların hesabatlarında bunlar hamısı bilinməlidir. İstəyərəm ki, mənim azərbaycanlı futbolçum gedib Avropada elə futbol oynasın ki, bu üzdəniraq ermənilərin bəzi futbolçularının dəyəri kimi yüksək olsun. Ermənistan millisində oynayan bir futbolçunun dəyəri bizim AFFA-nın büdcəsindən çoxdur. Niyə bizdə belə futbolçu olmasın? Nəyimiz çatmır? Maliyyəmiz, klublarımız, bazalarımız onlardan yaxşıdır. Futbola baxış bucağımız, mentalımız, klublara olan baxışımız dəyişməlidir. Onu gətirim pul verim, bunu gətirim pul verim, belə olmaz. Futbolçuya dəyərindən artıq pul vermək olmaz. Klublarımız futbolçulara artıq maaş verməklə onların Avropaya getməyinin qarşısını alır. Burda çox qazanırlar deyə, xaricə yollanmaq istəmirlər. Hesab edirəm ki, bunlar dəyişməsə, futbol düzəlməyəcək. Dəyişməsə, futbolçu dəyərindən artıq pul alacaq, bir ayaqla futbol oynayacaq və biləcək ki, millidə yeri sığortalanıb. Bilir ki, gənc futbolçu yetişmir və onun yerinə kimsə gəlməyəcək. 30-35 yaşına qədər burda klub dəyişə-dəyişə, əlini, qolunu sallaya-sallaya oynayacaq. Belə davam etdikcə də, onların Avropaya getmək istəyi olmayacaq. Bu mental, futbola baxış dəyişməsə, belə də davam edəcək, qardaş. Ən böyük problemimiz budur.
- Başa düşdüm. Bəs Premyer Liqadakı hakimliklə bağlı nə deyə bilərsiz? Matçlarda mübahisəli qərarlar çox olur.
- Hakimlərimizin çoxu gəncdir və hesab edirəm ki, bir çoxunda normal idarəçilik var. Düzdür, səhvlər var və hər zaman olacaq. Hakimlər də, onların rəhbərləri dəyişsə də, səhvlər olacaq. Sadəcə bu səhvləri minimuma endirmək lazımdır. Göz görə-görə səhvlər olur, düzdür. Bilmirəm, bunlar nədən qaynaqlanır. Niyə bu qədər işin qabağında yenə səhvlər olur, bilmirəm. Bu sualı Hakimlər Komitəsinin rəhbərliyinə ünvanlasaz, daha dolğun cavab ala bilərsiz. Mən öz fikrimi dedim.
- Əfqan bəy, son olaraq, bu mövsüm Premyer Liqada kimi favorit görürsüz?
- Cəmi 8 klubumuz var və hər il favoritlər bilinir. Bunlar “Qarabağ” və “Neftçi”dir. İndi “Qarabağ”ı bir addım öndə görürəm. Komandada olan hər şey göz qabağındadır. “Qarabağ”da ən böyük üstünlük maliyyə imkanlarıdır. Baş məşqçi işi var, komanda artıq oturub. Bunları nəzərə alsaq, favorit onlardır. “Neftçi”də də işlər gedir, yaponiyalı Keysuke Hondanın da transferi səs-küy yaratdı və Azərbaycan futbolu üçün müəyyən dərəcədə reklam xarakterlidir. Hondanın səviyyəsi və oynadığı klublar bəllidir. Xeyir verib-verməyəcəyini deyə bilmərəm. Ancaq səs-küylü transferdir. “Neftçi”nin də sona qədər mübarizə aparacağını düşünürəm. Sonda nə olacağını görəcəyik, lakin mən “Qarabağ”ı bir addım öndə görürəm. “Qarabağ” Azərbaycanda ən güclü maliyyəsi olan klubdur. Mənə qaranlıq qalan məqam odur ki, belə maliyyənin qarşısında komandanın ehtiyat oyunçular skamyası zəifdir. Buna baxmayaraq, onların “Neftçi”dən çempionluq yarışında bir addım öndə olduğunu düşünürəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin