“Sabah”la bağlı “Mandela effekti”, yoxsa qərəz?

Əmir

“Mandela effekti” nədir? Bir çox insanın eyni məlumatı və ya faktı tamamilə səhv xatırlamasıdır. “Mandela effekti” xatırladığınız, hətta əmin olduğunu düşündüyünüz şeyin əslində mövcud olmamasından qaynaqlanan effektdir. Hadisə ABŞ-da vaqe olub. Belə ki, amerikalı proqram mühəndisi Fiona Brum bir konfransda çıxışı zamanı sabiq CAR lideri Nelson Mandelanın 1980-ci illərdə, həbsdə öldüyü ilə bağlı əhvalat danışır. Sonradan isə bunun yanlış olduğunu öyrənir. İşin maraqlı tərəfi isə onun bu fikirdə olan tək insan olmaması idi. Belə ki, bir çox insanın Mandelanın 1980-ci illərdə, həbsdə öldüyünü düşündüyü üzə çıxdı. Əslində isə Nelson Mandela 2013-cü ildə ölüb. Yəni afrikalı lider 80-ci illərdə CAR-da həbsdə olsa da, ordan sağ-salamat çıxıb. Məhz bundan sonra dünyada gerçək zənn edilən bir çox yanlış üçün “Mandela effekti” termini istifadə edilməyə başlandı.

Deyə bilərsiz ki, gerçək bilinən yanlışlarla bağlı terminin bizim futbolla nə əlaqəsi? İş orasındadır ki, belə hallara Azərbaycan futbolunda da rast gəlinir. Məsələn, elə Murad Musayevin gedişindən sonra “Sabah” rəhbərliyi ilə rusiyalı mütəxəssis arasında guya problemlərin olması ilə bağlı yayılan xəbərlər kimi. Bu cür xəbərlərdə adətən klub prezidenti Maqsud Adıgözəlovun guya illər öncə hansısa müsahibəsində Murad Musayevin klubdakı uğurlarını kiçiltdiyi, məhz bundan sonra Musayevin klub rəhbərindən küsdüyü yönündədir. Nə işdirsə, “küskün” Murad bəy bu inciklikdən sonra ölkə çempionatının gümüş medallarını qazanır, ardınca klubla avrokuboklarda mərhələ adlayır. Yeni mövsüm başladıqdan sonra uğursuz nəticələr qeydə alındıqca, yenə oxşar xəbərlər tirajlanmağa başlayır. Əslində isə Maqsud bəyin qeyd edilən dövrdəki müsahibələrinə nəzər salanda ümumiyyətlə iddia edilən fikirlərə rast gəlinmir.

Başqa bir iddia da yayda transfer edilmiş futbolçuların Musayevin iradəsi xaricində kluba gətirilməsidir ki, bu iddiaya da elə rusiyalı məşqçi özü müsahibələrində aydınlıq gətirib. Dəfələrlə bu oyunçuların məhz onun istəyi ilə transfer edildiyini bildirib.

“Mandela effekti”nin “Sabah” üzərində son təsiri isə Musayevin məlum istefasından sonra yarandı. Yenə müəyyən şəxslər bar-bar bağırmağa başladılar ki, “bəs qoymayın, “Sabah” rəhbəriyi uğurlu məşqçini daxili konfliktə görə klubdan uzaqlaşdırdı”. Gerçəkdə olan isə Musayevin öz xahişi ilə klubdan ayrılması idi.

Münaqişə məsələsinə gəldikdə isə, Murad Musayev istefasından sonra Rusiya mətbuatından ona yönəlmiş oxşar suala aşağıdakı cavabı verdi:

“Mətbuatda deyirlər ki, mənim rəhbərliklə münaqişəm var idi? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta bu münasibətin ideal olduğunu deyə bilərəm. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss etmişəm. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi ilə bağlı uzun müddət danışa bilərəm və bunlar yalnız müsbət sözlər olar”.

Musayev “Sabah”da baş məşqçi olduğu dönəmdə, uğursuz oyunlardan sonra belə, ona daim inandıqlarını deyən Maqsud Adıgözəlovun rusiyalı mütəxəssislə bağlı son açıqlaması isə aşağıdakı kimidir:

“Onun (oxu: Murad Musayevin) qalması üçün mümkün olan hər şeyi, hətta daha artığını etdik. Lakin bu onun qərarı idi. Biz də onun bu qərarına hörmətlə yanaşdıq. Murad klubumuzun, onun tarixinin və bu gününün, kim bilir, bəlkə də gələcəyinin bir parçası olub və olacaq”.

Görüdüyü kimi, hər iki tərəf israrla xoş münasibətdən danışır, klub prezidenti hətta gələcəkdə yenidən birlikdə çalışmağa belə eyham vurur. Musayev isə sosial şəbəkə hesablarında vida paylaşımında klub rəhbərliyi ilə fotosunu paylaşaraq, xüsusi təşəkkürünü bildirir.

Bütün bunların fonunda son günlər ölkə idman mediasında tirajlanan iddialarla bağlı nə düşünmək olar? “Mandela effekti”, yoxsa qərəz?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button